10:55
630
İtaliyanın Baş naziri Giorgia Meloninin Bakıya səfəri Azərbaycan–Avropa münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərdi. Meloni praqmatik və qərarlı siyasətçi kimi tanınır və milli maraqları qorumaqla yanaşı beynəlxalq əməkdaşlığa açıqdır. Onun liderlik üslubu çevik qərarvermə və realist yanaşma ilə seçilir ki, bu da Azərbaycanla münasibətlərdə özünü aydın göstərir.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
O, qeyd edib ki, səfər zamanı enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri xüsusi diqqət mərkəzində oldu.
İtaliya uzun illərdir Azərbaycanın Avropada əsas tərəfdaşlarından biri kimi çıxış edir. Xüsusilə enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı üçün də strateji əhəmiyyət daşıyır:
"Meloninin Bakıya səfəri bu əməkdaşlığın siyasi müstəvidə də genişlənəcəyinə işarə edir. Eyni zamanda Avropa Şurası çərçivəsində Azərbaycanla dialoqun canlanması üçün İtaliyanın vasitəçi rolunu gücləndirə bilər. İtaliyanın balanslı və konstruktiv mövqeyi Avropa məkanında Azərbaycanın mövqelərinin daha yaxşı anlaşılmasına şərait yarada bilər. Bu isə gələcəkdə münasibətlərin daha da istiləşməsinə zəmin yaradır. Bu proses uzunmüddətli perspektivdə Azərbaycanın Avropaya siyasi və iqtisadi inteqrasiyanı sürətləndirə bilər. Həmçinin vizasız gediş-gəliş məsələsinin gündəmə gəlməsi real perspektiv kimi dəyərləndirilir.
Ümumilikdə Meloninin səfəri Azərbaycan–Avropa münasibətlərində yeni imkanlar açan mühüm siyasi hadisə kimi qiymətləndirilir".
Cavid