“Bu cür münasibətlər türk dünyasının inteqrasiyasına əlavə güc qatır” Gündəm

“Bu cür münasibətlər türk dünyasının inteqrasiyasına əlavə güc qatır”

“Qardaş Qazaxıstanla qardaş Türkiyə arasında münasibətlərin daha üst səviyyəyə daşınması sadəcə olaraq iki ölkə münasibətləri baxımından deyil, bütövlükdə türk dünyası baxımından dəyərləndirilməlidir. Qazaxıstanla Türkiyənin arasında heç bir anlaşılmazlıq yoxdur, əksinə, bir-birilərinə çox doğma və çox yaxındırlar”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.

A.Həsrət vurğulayıb ki, iki ölkə arasında ticarət həcmi 10 milyard dolları aşıb və qarşıya qoyulan məqsəd 15 milyard dollarlıq ticarət həcminə nail olmaqdır: “Ərdoğanı qardaş Qazaxıstanda doğma bir insan kimi qarşıladılar, dünəndən görüntülər yayılır. Həmçinin Qazaxıstanla Türkiyə arasında münasibətlərin daha da irəli aparılması üçün müzakirələr keçirilir”.

Siyasi şərhçi həmçinin qeyd edib ki, mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək, Azərbaycan Prezidenti də orada iştirak edəcək: “Düşünürəm ki, həmin Zirvə görüşü ərəfəsində iki qardaş ölkə rəhbərinin görüşməsi, ümumiyyətlə, Türkiyə Prezidentinin oraya səfər etməsi, geniş müzakirələr aparması həm də TDT baxımından dəyərləndirilə bilər. Yəni bu cür münasibətlər bizim gücümüzü daha da artırır, türk dünyasının inteqrasiyasına əlavə güc qatır”.

Röya İsrafilova