BMT: Qlobal Cənub QHT Platforması tərəfdaşlıq üçün mühüm mexanizmdir Siyasət

BMT: Qlobal Cənub QHT Platforması tərəfdaşlıq üçün mühüm mexanizmdir

Qlobal Cənub QHT Platforması həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır.

APA xəbər verir ki, bu fikri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç BMT-nin Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanlanan müraciətinə istinadən səsləndirib.

Müraciətdə bildirilib ki, inklüziv inkişafın təşviqi, dayanıqlılığın gücləndirilməsi, effektiv çoxtərəflilik və əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə Qlobal Cənub ölkələrinə dəstək baxımından qlobal öhdəliklərin yerinə yetirilməsi və heç kimin diqqətdən kənarda qalmaması vacibdir.

Baş Assambleyanın inklüziv şəhərsalma, iqlim dayanıqlılığı və dayanıqlı idarəetmə məsələlərinə həsr olunmasının isə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

BMT həmçinin Azərbaycanın çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə inklüziv iştirakın təşviqi istiqamətində səylərini yüksək qiymətləndirib. Bildirilib ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində və dayanıqlı şəhər gələcəyinin formalaşdırılmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi istiqamətində əməkdaşlığı dəstəkləməyə hazırdır.