“ABŞ və Çin arasında toqquşan maraqlar kifayət qədər çoxdur” Gündəm

“ABŞ və Çin arasında toqquşan maraqlar kifayət qədər çoxdur”

“ABŞ Prezidenti Donald Trampın Çinə gözlənilən səfəri baş tutdu. Səfərin ilk gününün diqqətçəkən məqamı Çin Prezidenti Si Cinpin ilə Donald Tramp arasında Pekində keçirilən görüş oldu. Tərəflər təmkinli, lakin müəyyən qədər prinsipial mövqe nümayiş etdirirdilər. Tramp bildirib ki, hazırda dünyada yalnız iki supergüc var — ABŞ və Çin. Tramp Çini supergüc kimi qəbul edir. Lakin eyni zamanda Pekini ikinci supergüc adlandırmaqla üstün mövqedə olduğunu göstərməyə çalışır. Əslində, bu, müəyyən narahatlığın da göstəricisidir. SSRİ-nin süqutundan sonra Vaşinqton üçün əsas rəqib ölkə məhz Çin sayılır. Pekinin artan iqtisadi və maliyyə gücü, onsuz da Vaşinqton üçün ciddi narahatlıq mənbəyi idi. Son illərdə Çinin müxtəlif ölkələrdə limanları uzunmüddətli icarəyə götürməsi, ABŞ-nin “dollar diplomatiyası”na bənzər üsullardan istifadə etməsi və hərbi bazalar yaratmaq istiqamətində addımlar atması Vaşinqton üçün mühüm siqnallardır”.

Bu fikirləri xalqcebhesi.az-a politoloq Turan Rzayev deyib.

T.Rzayev ABŞ ilə Çin arasında toqquşan maraqların kifayət qədər çox olduğunu vurğulayıb: “İqtisadi maraqlardan əlavə, Pekin və Vaşinqtonu qarşı-qarşıya gətirə biləcək siyasi məsələlər daha geniş müzakirə tələb edirdi. Təsadüfi deyil ki, görüşdə Tayvan və İran məsələləri də ətraflı müzakirə olunub. Si Cinpin Donald Trampla görüşü zamanı bildirib ki, Tayvan məsələsinin düzgün həll edilməməsi Pekinlə Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. O, Tayvan problemini Çin–ABŞ münasibətlərində ən mühüm məsələ adlandırıb. ABŞ rəsmi olaraq Tayvanın müstəqilliyini tanımasa da, ada ilə diplomatik təmaslarını davam etdirir. Vaşinqton rəsmilərinin Tayvan nümayəndələri ilə görüşləri, eyni zamanda iqtisadi və hərbi əlaqələrin ildən-ilə genişlənməsi Pekin üçün qəbuledilməzdir. Hazırda ABŞ ilə Çin arasında real hərbi toqquşmaya səbəb ola biləcək əsas problem Tayvan məsələsidir”.

O qeyd edib ki, Pekin nə qədər güclənsə və ABŞ ilə rəqabət aparsa da, Vaşinqtonla total müharibə riskini gözə ala bilmir: “Buna görə də Çin daha çox ABŞ-nin öz taktikasına bənzər üsullardan istifadə edir. Məsələn, Pekin Vaşinqtonun diqqətini yayındırmaq üçün Rusiya və İrana ciddi maliyyə və hərbi dəstək verir. Beləliklə, ABŞ-nin diqqəti dövri şəkildə Ukrayna və İran istiqamətlərinə yönəlir. Xüsusilə İranla birbaşa gərginliyin yaranması Vaşinqtonu resurs tükəndirən qarşıdurmaya sürükləyir. Bu isə Çinin Tayvan istiqamətində daha sərt siyasətini həyata keçirməsi üçün əlavə imkanlar yaradır. Pekin, “Çinlə ABŞ arasındakı bütün münasibətlər sistemi ciddi təhlükə altına düşəcək”, – deməklə, Tayvan məsələsində mövqeyinin dəyişməz olduğunu açıq şəkildə nümayiş etdirir. ABŞ üçün İranla gərginliyin uzanmasının Pekinin maraqlarına uyğun olduğu aydın görünür. Əslində, Trampın Pekinə səfərinin əsas səbəblərindən biri də İran və Çinin Tehrana verdiyi dəstəkdir. ABŞ, Rusiya ilə olduğu kimi, resursların tükəndirilməsinə hesablanan uzunmüddətli qarşıdurmaya sürüklənmək istəmir. Buna görə də Vaşinqton Çinlə ortaq məxrəcə gəlməyə cəhd göstərir. Başqa sözlə, Tramp özünü üstün mövqedə göstərməyə çalışsa da, müəyyən mənada Çinə səfərə məcbur qalıb”.

Politoloq eləcə də söyləyib ki, Çin SSRİ deyil və bunu ABŞ də yaxşı anlayır. Ən vacib məqam isə budur ki, Vaşinqton Çini SSRİ modeli ilə zəiflədə və ya dağıda bilməz: “Çinin ideoloji sistemi dövlət siyasətinin bir hissəsidir, lakin iqtisadiyyatı SSRİ-dən fərqli olaraq daha liberal və kapitalist əsaslara söykənir. Əsas fərqlərdən biri də ABŞ və Çin iqtisadiyyatlarının bir-birinə ciddi şəkildə bağlı olmasıdır. Yəni SSRİ dövründən fərqli olaraq, ABŞ Çin iqtisadiyyatını çökdürməyə çalışarsa, bu, avtomatik şəkildə ABŞ iqtisadiyyatına da ağır zərbə vura bilər. Pekinin məqsədi SSRİ kimi sosializmi ixrac etmək deyil. Lakin dünyada avtoritar meyillərin sürətlə gücləndiyini nəzərə alsaq, gələcəkdə bu riskin artacağı da istisna deyil. O baxımdan, Trampın Çinə səfəri hər nə qədər qarşı tərəfə mesaj vermək və müəyyən uzlaşma əldə etmək məqsədi daşısa da, yaxın perspektivdə ciddi nəticələr verməsi çətin görünür. Pekinlə Vaşinqton arasında əlavə görüşlərə və daha geniş müzakirələrə ehtiyac var. Rəqabət isə hələ uzun müddət davam edəcək”.

Röya İsrafilova