Qanunların sərtləşdirilməsi problemin dərinləşdiyini göstərir – Deputat Gündəm

Qanunların sərtləşdirilməsi problemin dərinləşdiyini göstərir – Deputat

“Qanunlar o vaxt sərtləşdirilir ki, bu və ya digər sahədə problemlər həll edilmək əvəzinə daha da dərinləşir. Əgər problemi həll etmək, onun artmasının qarşısını almaq mümkün olarsa, həmin sahədə sadəcə hüquqi mexanizmlərin fəaliyyəti kifayət edir”.

Bunu deputat Aydın Mirzəzadə xalqcebhesi.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, cəmiyyətin təhlükəsizliyi yalnız qanunlarla deyil, həm də ictimai münasibətlərin sağlam şəkildə formalaşması ilə təmin olunur:
“Cəmiyyətin təhlükəsizliyi həm hüquqi mexanizmlər, həm də cəmiyyətin daxili quruluşu ilə tənzimlənir. Tarixdən gələn ənənələr, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, dövlət-cəmiyyət münasibətlərinin davamlı şəkildə təkmilləşməsi dövlət idarəçiliyinin səmərəliliyini təmin edən əsas şərtlərdəndir”.

A.Mirzəzadənin sözlərinə görə, hüquqi mexanizmlərlə yanaşı ictimai məsuliyyətin artırılması da mühüm əhəmiyyət daşıyır.

Günel Elxan