19:56
539
“Ukraynanın son dövrlərdə seçdiyi taktika müharibənin əvvəlki mərhələlərindən ciddi şəkildə fərqlənir və bu yanaşma Rusiyanın xeyli zəiflədilməsinə gətirib çıxarıb”.
Bu fikirləri politoloq Əli Oruclu xalqcebhesi.az-a açıqlamasında deyib.
Politoloqun sözlərinə görə, əslində Kiyev uzun müddət Moskvanın istifadə etdiyi strategiyanı indi onun özünə qarşı tətbiq edir. Ukraynanın məqsədi hərbi baxımdan tam qələbə əldə etməkdən daha çox, müharibəni Rusiya daxilinə daşımaq və xüsusilə enerji infrastrukturunu hədəfə almaqla Kremli nəticəli danışıqlara məcbur etməkdir. Ukraynanın Rusiyanın neft və qaz obyektlərinə endirdiyi zərbələr artıq ciddi iqtisadi nəticələr doğurmaqdadır:
“Rusiyada yanacaq böhranı getdikcə dərinləşir. Kənd təsərrüfatı və sənayenin böyük hissəsi yanacaq çatışmazlığından əziyyət çəkir. Bu isə gələcəkdə həm ərzaq təminatında, həm də vacib sənaye sahələrinin fəaliyyətində ciddi fasilələr yarada bilər”.
Əli Oruclu qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri xüsusilə Rusiyanın daxili bazarını təmin edən enerji infrastrukturunu hədəfə alır:
“Eyni zamanda “Şimal axını-1” qaz kəmərinin sıradan çıxması və “Drujba” boru xətti ilə bağlı problemlər Moskvanın enerji ixracına böyük zərbə vurub. Qərbin tətbiq etdiyi sonuncu – 20-ci sanksiyalar paketi də neft-qaz ixracına qoyulan məhdudiyyətləri daha da sərtləşdirib və Rusiyanın kölgə donanmasının fəaliyyətini əhəmiyyətli dərəcədə zəiflədib”.
Politoloq hesab edir ki, Prezident Volodimir Zelenski enerji infrastrukturuna zərbələr endirməklə gələcək mümkün geosiyasi sövdələşmələrin də qarşısını almağa çalışır:
“Zelenski anlayır ki, Yaxın Şərqdə, xüsusilə Bəsrə körfəzi ətrafında yaranan gərginlik gələcəkdə Rusiyanın enerji resurslarına ehtiyacı artıra bilər. Bu isə Moskva ilə bağlı müəyyən yumşalmalar yarada bilər ki, Kiyev bunu öz maraqlarına uyğun hesab etmir”.
Ekspert vurğulayıb ki, hazırda Qərblə Ukrayna arasında qarşılıqlı asılılıq yaranıb:
“Avropa Ukraynanı öz təhlükəsizliyi üçün mühüm həlqə hesab edir və ondan imtina etməsi real görünmür. ABŞ isə hazırda İran məsələsi və Yaxın Şərqdəki proseslərlə ciddi şəkildə məşğuldur və əvvəlki kimi Qərbin əsas müdafiə xətti rolunu oynamaq istəmir”.
Günel Elxan