“Şəhərsalma forumu sülhə çağırış üçün yeni tribunaya çevrildi” Gündəm

“Şəhərsalma forumu sülhə çağırış üçün yeni tribunaya çevrildi”

“13-cü Ümumdünya Şəhərsalma Forumunun iştirakçıları forumun yüksək səviyyədə təşkil edildiyinin və gündəlikdə olan məsələlərin müzakirəsinə yaxşı şərait yaradıldığının fərqində oldular və onlar öz çıxışlarında Azərbaycan dövlətinə buna görə minnətdarlıqlarını bildirdilər. Artıq forumda bir neçə dəfədir iştirak edənlər bu forumun təşkil səviyyəsinə görə əvvəlkilərindən xeyli yüksəkdə olduğunu bildirdilər. Azərbaycan nəinki dünya qarşısında duran şəhərsalma məsələlərinin müzakirəsində iştirak etdi, eyni zamanda, özünün də nümunəsini göstərə bildi. Elə Bakı şəhərsalma üzrə yaxşı bir nümunədir. 5-ci əsrdə tikilən Qız qalası ilə, 21-ci əsrdə salınan Ağ şəhərlə, Bakı bulvarı ilə, yeni yaşayış kvartalları ilə forum iştirakçılarının diqqəti cəlb edildi. Görünən ondan ibarətdir ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi çox ciddi bir platformaya çevrilib və bu da Azərbaycan dövlətçiliyinin əsasının düzgün qurulduğunun, yüksək nüfuzumuzun, fəaliyyətimizlə, qazandığımız nailiyyətlərlə beynəlxalq birlikdə layiqli yer tutduğumuzun sübutudur”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə söyləyib ki, istənilən beynəlxalq tədbirdə dövlət və hökumət başqalarının iştirakı həmin tədbirin nüfuzunu, əhəmiyyətini göstərir və bu tədbirdə 27 dövlət və hökumət başçılarının iştirakı tədbirin əhəmiyyəti, Azərbaycana verdikləri yüksək dəyər kimi qiymətləndirilə bilər: “Gələn qonaqlar dövlət başçımız tərəfindən qəbul edildilər. Onların nümayəndə heyəti Azərbaycanın müvafiq strukturları ilə ikitərəfli əlaqələr barəsində danışıqlar apardılar. Onların səfərləri təkcə forumda iştirak ilə deyil, öz ölkələri ilə Azərbaycan arasında möhkəm körpünün yaradılması ilə də xarakterizə edilə bilər. Gələn dövlət başçılarının içərisində artıq Azərbaycanla sıx strateji münasibətləri olan dost ölkələrlə yanaşı, Azərbaycanla münasibətlər qurulmasını artıq özü üçün ciddi bir fəaliyyət hesab edən dövlətlər də var idi. Bir sözlə, Azərbaycan dünya üçün təcrübəsi, fəaliyyəti, tarixi, müasirliyi maraq doğuran bir ölkə imici qazanıb”.

Deputat Azərbaycanın dövlətçilik sahəsində çox unikal təcrübəsi olduğunu vurğulayıb: “Çox təəssüf ki, biz dövlətçiliyimizin bərpa dövrünü torpaqlarımızın bir hissəsini işğal, əhəmiyyətli sayda məcburi köçkün və qaçqın faktor ilə başladıq. Ancaq bu yük, bu problem Azərbaycanı çaşdırmadı. Azərbaycanda daha ağır problemlər yaranmasına səbəb olmadı. Həm o problem həll edildi, həm ordu gücləndirilərək sonradan torpaqlarımız işğaldan azad edildi. Bu gün işğaldan azad olunan ərazilərdə qısa müddətdə 100 minə qədər insan yaşayır və işləyir. 40-a qədər yaşayış məntəqəsi bərpa edilib və orada insanlar yaşayır. Çox çəkməyəcək bütün yaşayış məntəqələri bərpa ediləcək və insanlar geri qayıdacaqlar. Bunun özü göstərir ki, düşünülmüş daxili və xarici siyasət olduqda dövlət qarşısında duran istənilən problemi həll edər. Azərbaycan təcrübəsi təkcə şəhərsalmada deyil, digər məsələlərdə də həmişə diqqət çəkir. Məcburi köçkünlərin geri qaytarılmasına hələ Vətən müharibəsindən xeyli əvvəl başlanmışdı. Böyük Qayıdış adlı plan hazırlanmış, orada torpaqların işğaldan azad olunandan sonra mərhələ-mərhələ görüləcək işlər nəzərdə tutulmuşdu. Məhz əvvəldən ciddi hazırlıq geri qayıtmanın yüksək səviyyədə təşkil edilməsinə imkan verdi. Burada əlaqələndirilmiş şəkildə məsələyə yanaşılır. Həm dövlət resursları, həm də şəxsi imkanlar əlaqələndirilir və vaxtı ilə qəbul etdiyimiz “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunun qəbulu bu gün özəl sektorun işğaldan azad olunan ərazilərdə öz işini qurmasına şərait yaradır. Dövlət tərəfindən dəstək yenidənqurmanı daha da gücləndirir. Bu gün biz həm paytaxt, həm regionlarda özəl sektorun geniş inkişaf etdiyini görürük. Özəl sektor büdcənin güclənməsi, yeni iş yerlərinin yaradılması, insanların öz potensialını daha geniş göstərmək üçün imkanlar yaradılması deməkdir. Azərbaycanın isə bu məsələdə nümunəsi var”.

O eləcə də bildirib ki, Azərbaycan həmişə iştirak etdiyi beynəlxalq tədbirlərdə öz təşəbbüsləri ilə fərqlənir və bunlardan biri də 13-cü Ümumdünya Şəhərsalma Forumunda "Bakı Şəhərsalma Mükafatı"nın (Baku Urban Award) təsis edilməsi idi: “14-cü forumda, yəni Meksikanın paytaxtı Mexikoda keçiriləcək forumda həmin o mükafat şəhərsalmada nümunə göstərən şəxslərə, şirkətlərə veriləcək. Bunun özü göstərir ki, Azərbaycan iştirak etdiyi, ev sahibliyi etdiyi istənilən tədbirə çox böyük məsuliyyətlə yanaşır. Forumda bir daha vurğulandı ki, şəhərsalma ancaq dinc dövrdə inkişaf edə bilər. Müharibələr, münaqişələr, qarşıdurmalar şəhərsalmanı gözdən salır, onun inkişafına imkan vermir, əksinə, əldə olunan nailiyyətləri məhv edir. Bu baxımdan şəhərsalma forumu sülhə çağırış üçün yeni bir tribunaya çevrildi”.

Röya İsrafilova