“Bu mövqe Çin və Rusiyanı birləşdirir” Gündəm

“Bu mövqe Çin və Rusiyanı birləşdirir”

“Çin, ABŞ və Rusiya münasibətlərində tərəflərin hər birini tamlıqla qane edən və digər tərəflər üçün ciddi problem yarada biləcək situasiya hələ də formalaşmayıb. Uzun müddətdir müzakirələrdə tez-tez səslənir ki, guya milyonlarla çinli Rusiyanın Uzaq Şərqinə köçür və gələcəkdə faktiki olaraq bu ərazilər çinləşəcək. Amma mövcud statistika və akademik araşdırmalar hazırda bunu təsdiq etmir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

E.Əmirov qeyd edib ki, ancaq bütün hallarda Qərbə qarşı münasibətdə Çin və Rusiyanı bu mövqe birləşdirir: “Lakin burada Çin daha çox Rusiyanın resurslarından istifadə etməyə çalışır. Bu da təbii ki, məlum məsələdir ki, bazar, ucuz enerji mənbəyi, geosiyasi tərəfdaş, Qərbə qarşı təzyiq etmək kimi Çinin gücünü artırmağa fokuslayır. Amma bütün hallarda hazırkı vəziyyətdə birmənalı olaraq bu proses böyük ölçüdə ABŞ-yə, ümumiyyətlə, Qərbmərkəzli iqtisadi sisteminə alternativdirmi? Xeyr, düşünmürəm ki, bu belədir. Onsuz da uzun müddətdir "Sibirin gücü" iki qaz boru kəməri layihəsinin işə düşməsindən bəri on illər keçib, proses hələ də yarımçıq saxlanılıb. Çünki bu istiqamətdə Rusiya və Çin birmənalı razılaşmır, eyni zamanda, digər məsələlərdə də açıq şəkildə Rusiyanı dəstəkləyə bilmir. Düzdür, öz maraqları üçün istifadə etməyə çalışır. Yəni bu tip yanaşmalar böyük ölçüdə Çinin Rusiya hesabına güclənməsi faktorunu reallığa çevirə bilmir”.

İqtisadçı düşünür ki, Rusiya və Ukrayna arasında olan münaqişənin bu qədər uzunmüddət davam etməsi, Rusiya iqtisadiyyatının tamamilə çökdürülərək Rusiyanın sıradan çıxarılmamasının əsas səbəbi də Uzaq Şərqdə Çinin mövcudluğudur: “Çünki Rusiya qəfil çökərsə onun böyük resursları Çinin və Yaponiyanın əlinə düşə bilər. Burada məhz Qərbin Rusiyanı qəfil deyil, tədricən çökdürməyə fokuslanmış bir strateji xəttini görürük”.

Röya İsrafilova