10:38
1 190
“Ermənistanda keçirilmiş parlament seçkilərində Nikol Paşinyanın yenidən qələbə qazanması Azərbaycan-Ermənistan arasında inkişaf edən sülh gündəliyinin gələcəyi baxımından çox əhəmiyyətlidir. Çünki Paşinyan seçkilərə qatılanda onun şüarı sülh olub və məqsədini də xalqa açıqlayaraq bildirib ki, Ermənistan Azərbaycanla, Türkiyə ilə, bütün qonşuları ilə sülh və əməkdaşlıq münasibətlərində yaşayacaq. Əgər erməni xalqı Paşinyanı dəstəkləyibsə, təbii ki, bu, Ermənistanın Azərbaycanla bağlı olan sülh gündəliyinin də dəstəklənməsi deməkdir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
A.Badamov deyib ki, Azərbaycan olaraq biz Ermənistanla münasibətlərin qurulmasında, bu münasibətlərin normal fazaya keçməsində maraqlıyıq: “Çünki biz bütün qonşu ölkələrlə qarşılıqlı hörmət və fayda əsasında münasibətlərimizi qururuq. Həm də Paşinyanın yenidən seçilməsi Zəngəzur Dəhlizinin gələcəyi baxımdan da çox əhəmiyyətlidir. Yəni Paşinyan hakimiyyəti ABŞ ilə TRIPP layihəsi üzrə sazişlər imzalayıb və bu sazişlərə əsasən Zəngəzur Dəhlizinin tərkib hissəsi olan TRIPP layihəsi də icra olunacaq. Həm TRIPP layihəsi, Zəngəzur Dəhlizi açılacaq, həm Ermənistanla ikitərəfli sülh gündəliyi inkişaf edərək nəzərdə tutulmuş referendum keçirilməsi məsələsi öz həllini tapacaq. Bu da Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni bir dönəmin başlanğıcı olacaq”.
Deputat əlavə edib ki, burada iki ölkə arasında sülh müqaviləsinin bağlanması da əsas məsələlərdən biridir: “Yəni tələbimiz olan Ermənistanda referendumun keçirilməsi Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin yaranmasına, ikitərəfli münasibətlərin qurulmasına və sərhədlərin açılmasına yol aça bilər”.
Röya İsrafilova