“Elmi kontentə sistemli dəstək lazımdır” Gündəm

“Elmi kontentə sistemli dəstək lazımdır”

“Elmi-kütləvi və maarifləndirici kontentin inkişafı müasir cəmiyyətlərin əsas prioritetlərindən biri olmalıdır”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlama verən millət vəkili Samir Vəliyev bildirib.

Deputatın sözlərinə görə, dünyanın bir çox ölkələrində bu istiqamətdə müxtəlif dövlət proqramları, media layihələri, qrant mexanizmləri və ictimai təşəbbüslər həyata keçirilir:
“Ümumi mənzərəyə baxdıqda görürük ki, bir çox ölkələrdə, o cümlədən region dövlətlərində elmi, kütləvi və maarifləndirici məzmunun inkişafı üçün müəyyən mexanizmlər mövcuddur. Dövlət televiziyaları, media layihələri, müsabiqələr, qrant proqramları və müxtəlif ictimai təşəbbüslər bu sahənin inkişafına töhfə verir. Əsas məsələ bu dəstək mexanizmlərinin sistemli və davamlı xarakter daşımasıdır.
Əgər keyfiyyətli elmi kontentdən danışırıqsa, burada əsas çətinliklərdən biri onun kommersiya baxımından digər məzmunlarla rəqabətdə çətinlik çəkməsidir. Çünki elmi və maarifləndirici layihələr bəzən daha çox resurs və uzunmüddətli yanaşma tələb edir”.

Millət vəkili vurğulayıb ki, özəl platformalarda da elmi məzmunun hazırlanması əsasən yaradıcı şəxslərin şəxsi təşəbbüsləri hesabına həyata keçirilir:
“Bu gün xüsusilə internet platformalarında, sosial şəbəkələrdə və digər rəqəmsal resurslarda elmi kontent yaradan şəxslər çox vaxt öz imkanları hesabına fəaliyyət göstərirlər. Bu istiqamətdə daha əlverişli mühitin yaradılması vacibdir.
Elmi-kütləvi və maarifləndirici layihələrin keyfiyyətinin artırılması üçün hüquqi və maliyyə dəstəyi mexanizmləri gücləndirilməlidir.Bunun üçün ilk növbədə qanunvericilik və maliyyə dəstəyinə ehtiyac var. Xüsusilə elmi və maarifləndirici kontentin hazırlanmasına yönəlmiş xüsusi qrant fondlarının yaradılması faydalı ola bilər. Eyni zamanda, təhsil və maarifləndirmə məqsədli media layihələri üçün müəyyən vergi güzəştlərinin tətbiqi də nəzərdən keçirilə bilər”.

S.Vəliyev qeyd edib ki, özəl sektorun bu sahəyə cəlb olunması da mühüm əhəmiyyət daşıyır:
“Elmi və maarifləndirici layihələrin inkişafı üçün sponsorluq mexanizmləri təşviq edilməlidir. Bu, həm keyfiyyətli kontentin hazırlanmasına, həm də həmin layihələrin daha geniş auditoriyaya çatdırılmasına imkan verə bilər elmi kontentin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə və gələcək nəsillərin formalaşmasına xidmət edir.Keyfiyyətli elmi və maarifləndirici məzmun yalnız informasiya vermir, eyni zamanda insanlarda araşdırmaq, öyrənmək və düşünmək vərdişlərini formalaşdırır. Buna görə də bu sahəyə davamlı diqqət göstərilməsi cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır”.

Günel Elxan