“Moskvanın əsas strategiyası Paşinyanın sürüşkən mövqeyinə son qoymaqdır” Dünya

“Moskvanın əsas strategiyası Paşinyanın sürüşkən mövqeyinə son qoymaqdır”

“Rusiyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması məsələsini gündəliyə gətirəcəyi gözlənilən idi. Bundan əvvəl bu istiqamətdə xəbərdarlıqlar səslənirdi. İndi isə artıq Rusiya bu istiqamətdə təzyiqləri artırmağa başlayıb. Güman etmək olar ki, Rusiyanın əsas məqsədi Ermənistanı KTMT-dən çıxarmaq deyil, hansısa formada onu KTMT-nin fəaliyyətinə və müstəvisinə qaytarmaqdır. Ermənistanın rəsmi şəkildə KTMT-dən çıxmaqla əlaqədar müraciət etməməsi və buna baxmayaraq KTMT üzvlüyündən irəli gələn öhdəlikləri də yerinə yetirməməsi Moskva üçün qəbul olunan vəziyyət deyil. Eyni zamanda, rəsmi Kreml bu təzyiqlərlə onu göstərməyə çalışır ki, Ermənistan üçün artıq balayı arxada qaldı”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Z.İbrahimli qeyd edib ki, Ermənistanın bu cür mövqeyinə Moskvada o qədər də dözmək fikrində deyillər: “Formal əsas kimi isə Ermənistanın üzvlük haqqı ödənilməməsi göstərilir. Bəli, bu mexanizmdən istifadə edib Ermənistanı uzaqlaşdırmaq mümkündür. Lakin bir daha qeyd edək ki, Rusiyanın əsl niyyəti bu deyil. Həmçinin bu istiqamətdə təzyiqlər və xəbərdarlıqlar Paşinyanın gerçək məqsədini nümayiş etdirmək və eyni zamanda Ermənistan daxilindəki qütbləşməni də artırmaqdır. Rusiyanın bu təkidli mövqeyi Paşinyanın əvvəlki sürüşkən mövqeyini davam etdirməyə imkan vermir. Moskvanın da hazırda əsas strategiyası Paşinyanın bu sürüşkən mövqeyinə son qoymaqdır. Çünki əgər Ermənistan hakimiyyəti KTMT-dən çıxmaqla bağlı qəti addım atarsa, bunun yalnız Rusiya ilə münasibətlərdə yox, eyni zamanda, ölkə daxilindəki siyasi nəticələri də olacaq. Həmçinin bu, Rusiyaya Ermənistana qarşı təzyiqləri artırmaq imkanı verəcək”.

Siyası şərhçinin fikirlərinə görə, Moskva çalışır ki, Ermənistan formal da olsa, KTMT-dən irəli gələn öhdəlikləri yerinə yetirsin, üzvlük haqqı ödəsin, toplantılarda formal olaraq da iştirak etsin: “Bu, Moskvaya Ermənistanın hələ də Rusiyanın təsir orbitində olduğunu nümayiş etdirməyə imkan verəcək, indi baş verənlər müvəqqəti xarakter daşıyır və uzunmüddətli dövrdə Ermənistanda hər şey dəyişə bilər. Bunu nümayiş etdirmək olduqca vacibdir. Güman edirəm ki, Rusiya eyni zamanda Avrasiya İqtisadi İttifaqı ilə də bağlı analoji addımlar atacaq. Bütün bunların məqsədi Paşinyana geniş manevr imkanları verən bu sürüşkən mövqeyi və Paşinyanın manevr imkanlarını məhdudlaşdırmaqdır. Onlar çalışırlar ki, Paşinyan hər iki istiqamətdə qəti addımlar atsın. Çünki bu qəti addımların da konkret siyasi məqsədləri var. Əgər KTMT-də və Avrasiya İqtisadi İttifaqında qalacaqsa, bu, Avropa İttifaqı və ABŞ ilə münasibətlərə təsir edəcək. Ermənistan KTMT-də qalacaqsa, Rusiya fərqli tələblər irəli sürəcək. Məsələn, NATO ölkələri ilə əməkdaşlığın dayandırılması tələbini irəli sürəcək”.

O hesab edir ki, bu proses hələ bir müddət davam edəcək, Ermənistanla bu istiqamətdə müzakirələr aparılacaq: “Paşinyanın hansı qərarı qəbul edəcəyini indidən söyləmək çox çətindir. Ənənəvi olaraq Paşinyan manevr imkanlarını saxlamağa çalışacaq. Ola bilsin ki, ilk mərhələdə üzvlük haqları ilə bağlı məsələ həllini tapdı. Güman edirəm ki, Paşinyan mümkün qədər vaxt qazanmağa çalışacaq və ölkədaxili prosesləri müşahidə edəcək, müxalifətin davranışlarını izləyəcək, Rusiyanın siyasi təsir imkanlarını dəyərləndirəcək. Artıq bundan sonra strateji qərarlar verilə bilər”.

Röya İsrafilova