Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub İqtisadiyyat

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb.

Bununla yanaşı, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb. Digər məhsul qruplarından süd və süd məhsulları, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər üzrə qiymətlər 0,4% artıb. Çörək, çörək məmulatları və yarmalar, eləcə də alkoqollu içkilər isə 0,2% bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşma tərəvəzərin qiymətində qeydə alınıb. Belə ki, may ayında tərəvəzlərin qiyməti aprel ayı ilə müqayisədə 3,1% azalıb. Yumurta 1,8%, balıq və balıq məhsulları isə 0,4% ucuzlaşıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.

Qeyd edək ki, cari ilin may ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,1% təşkil edib.