“Dövlət Proqramı kənd təsərrüfatı sahəsində mühüm addım kimi dəyərləndirilə bilər” Cəmiyyət

“Dövlət Proqramı kənd təsərrüfatı sahəsində mühüm addım kimi dəyərləndirilə bilər”

““Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının modernləşdirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm strateji sənəd kimi qiymətləndirilə bilər. Proqramın əsas məqsədi istehsalın artırılması ilə yanaşı, emal sənayesinin inkişafı, məhsulların əlavə dəyərinin yüksəldilməsi və kənd yerlərində məşğulluğun genişləndirilməsidir. Xüsusilə balıqçılıq və akvakultura sahələrinin proqramda ayrıca yer alması diqqət çəkir. Son illər dünyada bu sektor ərzaq təminatının vacib istiqamətlərindən birinə çevrilib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

A.Nəsirli söyləyib ki, Azərbaycanda da bu sahənin inkişafı daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, idxaldan asılılığın azalmasına və yeni ixrac imkanlarının yaranmasına şərait yarada bilər: “Proqram çərçivəsində istehsal və emal zəncirinin əlaqələndirilməsi fermerlərin və istehsalçıların gəlirlərinin artmasına müsbət təsir göstərə bilər. Çünki kənd təsərrüfatında əsas problemlərdən biri yalnız məhsul istehsalı deyil, onun saxlanılması, emalı və bazarlara çıxarılmasıdır. Bu istiqamətdə görüləcək tədbirlər məhsul itkilərinin azalmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edə bilər. Bununla yanaşı, proqramın uğuru nəzərdə tutulan tədbirlərin icra səviyyəsindən asılı olacaq. Su təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi, aqrar təhsil və məsləhət xidmətlərinin inkişafı kimi məsələlər xüsusi əhəmiyyət daşıyır”.

O əlavə edib ki, regional görüşlərin keçirilməsi də bu baxımdan vacibdir, çünki yerli istehsalçıların problemlərinin öyrənilməsi və təkliflərinin nəzərə alınması proqramın daha effektiv icrasına şərait yarada bilər: “Ümumilikdə, Dövlət Proqramı kənd təsərrüfatı və ərzaq sənayesinin inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Onun uğurlu icrası həm daxili bazarın təminatına, həm də ölkənin ixrac potensialının artmasına müsbət təsir göstərə bilər”.

Röya İsrafilova