“Bu prosesə 45 mindən çox könüllü gənc qoşulub” Gündəm

“Bu prosesə 45 mindən çox könüllü gənc qoşulub”

“19 dekabr 2013-cü ildə bir qrup ASAN könüllüsünün təşəbbüsü ilə yaradılan “ASAN Könüllüləri” Təşkilatının əsas məqsədi könüllülər arasında əlaqələrin gücləndirilməsi, gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də cəmiyyətə faydalı vətəndaşların formalaşdırılmasına töhfə verməkdir”.

Bu fikirləri könüllülük fəaliyyətinin əhəmiyyətindən danışarkən xalqcebhesi.az-a açıqlamasında “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva söyləyib.

A.Quliyeva bildirib ki, təşkilatın əsas vəzifələri gənclərin bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi, sosial məsuliyyətin gücləndirilməsi və müxtəlif yerli və beynəlxalq layihələrin həyata keçirilməsidir: “Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 45.000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 6800-dən çox təlim, 950-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3450-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub”.

Onun sözlərinə görə, könüllülük cəmiyyətdə vətəndaşların sosial məsuliyyətinin formalaşmasına və ictimai faydalı təşəbbüslərin həyata keçirilməsinə töhfə verir: “Bununla yanaşı, könüllülük fəaliyyəti fərdlərin şəxsi və peşəkar inkişafına, eləcə də sosial bacarıqlarının inkişafına xidmət edir. Son illərdə gənclərin könüllülük fəaliyyətinə marağı çox artıb. Onlar həm öz potensiallarını inkişaf etdirmək, həm də cəmiyyətə fayda vermək məqsədilə müxtəlif könüllü proqramlarda fəal iştirak edirlər. Könüllülük gənclərə praktiki təcrübə qazandırır, liderlik, komanda işi və ünsiyyət bacarıqlarını inkişaf etdirir. Bu isə onların gələcək karyera imkanlarını genişləndirən mühüm üstünlüklərdən biridir”.

Təşkilat sədri könüllü olmaq istəyən gənclərin qarşılaşdığı əsas çətinliklərdən də bəhs edərək qeyd edib ki, əsas çətinliklər arasında vaxtın düzgün bölüşdürülməməsi, təhsil və iş öhdəlikləri ilə könüllülük fəaliyyətinin balanslaşdırılması göstərilə bilər.

Röya İsrafilova