“İran Avropa üçün risk yaratmır” Gündəm

“İran Avropa üçün risk yaratmır”

“Avropanın ABŞ-İran müharibəsinə müəyyən formada cəlb olunması riski artıb, lakin Avropa ölkələrinin kollektiv şəkildə birbaşa müharibəyə qoşulması hələ də ən ehtimal olunan ssenari deyil. Burada bir mühüm məqamı diqqətinizə çatdırmaq istərdim: İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın İran kommersiya gəmisinə hücumunu pisləyib və hadisənin "cavabsız qalmayacağını" bildirib. O, həmçinin hücumun İsrailin göstərişi ilə Avropanı müharibəyə cəlb etmək məqsədi daşıdığını iddia edib. Digər bir tarixi məqamı vurğulayım: Yadınızdadırsa, 8 yanvar 2020-ci ildə İran Ukraynaya aid sərnişin təyyarəsini vurmuşdu. Yüzlərlə dinc insan həyatını itirmişdi amma bütün bunlardan sonra İranla Ukrayna arasında heç bir eskalasiya baş vermədi. Düzdür, burada Ukrayna bilərəkdən İran gəmisinə zərbə endirir, amma yenə də bunu müharibənin başladılması üçün əsas hesab etmək olmaz”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Elnur Ənvəroğlu deyib.

E.Ənvəroğlunun fikrincə, ən real risk Avropanın birbaşa ABŞ-İran müharibəsinə qoşulması deyil, münaqişənin tədricən Avropanın təhlükəsizlik və iqtisadi maraqlarına toxunmasıdır: “Birinci risk gəmiçilik və enerji təhlükəsizliyidir. İranın Avropa ölkələrinə və ya Avropa maraqları ilə əlaqəli kommersiya gəmilərinə hücum etməsi, yaxud Hörmüz boğazında vəziyyətin daha da pisləşməsi Avropa dövlətlərini hərbi-dəniz qüvvələrini bölgəyə göndərməyə məcbur edə bilər. Bu isə onları münaqişənin faktiki iştirakçısına çevirə bilər. İkinci risk Rusiya-Ukrayna müharibəsi ilə İran münaqişəsinin bir-birinə bağlanmasıdır. Ukraynanın Xəzərdə İranla əlaqəli gəmiləri hədəfə alması artıq iki münaqişə arasında coğrafi və strateji əlaqənin yarandığını göstərir. Tehran bunu özünə qarşı yeni cəbhə kimi qəbul edərsə və Ukraynaya cavab verməyə çalışarsa, müharibənin coğrafiyası daha da genişlənə bilər. İranın Ukraynaya qarşı mümkün cavabı isə Avropanın təhlükəsizlik gündəliyinə birbaşa təsir göstərəcək”.

O əlavə edib ki, üçüncü risk İranın Avropa ölkələrini dolayı şəkildə hədəfə almasıdır: “Tehran ABŞ-nin müttəfiqlərini və ya regionda ABŞ qüvvələrinə dəstək verən dövlətləri hədəf seçərsə, bu, Avropa ölkələrini cavab vermək məcburiyyətində qoya bilər. Əraqçinin açıqlamasına gəlincə isə, onun "Avropanı müharibəyə cəlb etmək" barədə iddiası daha çox siyasi və diplomatik mesajdır. Tehran Avropa dövlətlərinə xəbərdarlıq edir ki, Ukrayna müharibəsinin Yaxın Şərq münaqişəsi ilə birləşməsi onların öz təhlükəsizliyinə də zərər verə bilər”.

Siyasi ekspert söyləyib ki, İran Avropanı ABŞ-dən məsafə saxlamağa və münaqişədə daha fəal diplomatik rol oynamağa təşviq etmək istəyir: “Əraqçinin Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışıqları aparması da göstərir ki, Tehran məsələni artıq daha geniş diplomatik müstəviyə çıxarmağa çalışır. Digər perspektivdən baxdıqda Avropanın İranla müharibəyə qatılmaq niyyəti yoxdur. Əgər belə olsaydı, əvvəldən Trampın çağırışlarına qatılmış olardılar. Bu gün İran Avropa üçün risk yaratmır və dolayısı ilə Avropanın İrana qarşı cəbhə yaratması Rusiyanın bundan avantaj əldə etməsinə səbəb ola bilər”.

Röya İsrafilova