ABŞ İsrailin Suriya aerodromuna zərbəsini əsaslandırılmış hesab etmir Gündəm

ABŞ İsrailin Suriya aerodromuna zərbəsini əsaslandırılmış hesab etmir

Birləşmiş Ştatlar İsrail Hərbi Hava Qüvvələrinin Suriyadakı aerodroma endirdiyi zərbəni hərbi nöqteyi-nəzərdən əsaslandırılmış hesab etmir və bundan yayınmağın mümkün olduğunu düşünür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı rəsmilərə istinadən "Axios" portalı məlumat yayıb.

​Vaşinqtonun fikrincə, Suriya hakimiyyəti son aylar ərzində İsrailə qarşı heç bir düşmənçilik addımı atmayıb, əksinə ikitərəfli münasibətlərdə gərginliyi azaltmağa və təhlükəsizlik sahəsində yeni saziş bağlamağa çalışıb. ABŞ həmçinin hesab edir ki, Suriyaya qarşı gərginliyi artıran tərəf elə İsrail hakimiyyətinin özü olub. Bəzi amerikalı diplomatların ehtimalına görə, bu zərbə İsrail parlamentinə (Knesset) keçiriləcək növbədənkənar seçkilərlə bağlı ola bilər, çünki hakim koalisiya təhlükəsizliyin təmin olunması sahəsində konkret nəticələr nümayiş etdirmək məcburiyyətindədir.

​Birləşmiş Ştatlar diplomatik kanallar vasitəsilə Suriya rəhbərliyini İsrailin addımlarına oluna biləcək ehtimal olunan cavablar zamanı təmkinli olmağa çağırıb. Vaşinqton hesab edir ki, yəhudi dövlətində keçirilən seçkilərdən sonra Dəməşq üçün gərginliyin azaldılmasında konkret irəliləyiş əldə etmək daha asan olacaq.

​"Axios" xüsusi olaraq vurğulayır ki, İsrail Suriya aerodromuna gözlənilən zərbə barədə ABŞ-yə əvvəlcədən xəbərdarlıq edib.

Məryəm Quliyeva