“Bu, Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir” Siyasət

“Bu, Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir”

“Ermənistanla Azərbaycan arasında artıq ticari əlaqələrin bərpası həyata keçirilib. Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edib. Bütövlükdə, Vaşinqtonda bağlanan sülh anlaşmasından sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana 17 milyon dollardan artıq yanacaq məhsulları ixrac edib. Eyni zamanda, Azərbaycan üzərindən Ermənistana daşının yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu, əslində, Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat diqqətə çatdırıb ki, iki ölkə arasında ilkin qiymətləndirmələr göstərir ki, 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi mümkündür: “Bu, illik 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir. Konkret məhsullara gəldikdə isə burada həm qida, ərzaq, eyni zamanda, sənaye məhsulları, o cümlədən bir sıra xammal məhsulları var ki, onların Azərbaycan və Ermənistan arasında ixrac olunması mümkündür. Nəzərə alsaq ki, hər iki ölkə aqrar sektor üzrə ixtisaslaşıb”.

V.Bayramov əlavə edib ki, amma eyni zamanda bəzi sənaye məhsulları var ki, həm Ermənistanda həmin məhsullara tələb var, həmçinin bəzi məhsullar Ermənistanda istehsal olunur: “Azərbaycan tərəfindən həmin məhsulların idxalı mümkündür. Ona görə də ticari əlaqələrin bərpası istiqamətində aparılan müzakirələr gözlənilir ki, Azərbaycan və Ermənistan arasında dövriyyənin strukturuna təsir göstərəcək və biz növbəti dövrlərdə həm Azərbaycandan Ermənistana yalnız yanacaq deyil, digər məhsulların ixracatını, eləcə də Ermənistandan da ilk növbədə bir sıra sənaye məhsullarının idxalını müşahidə edə bilərik”.

Röya İsrafilova