Artıq Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz Siyasət

Artıq Azərbaycanla təzyiq dili  ilə danışmaq olmaz

Elnarə Akimova

Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Son günlər Rusiyanın bir sıra media və informasiya platformalarında Azərbaycana, Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı müşahidə olunan aqressiv ritorika artıq adi media polemikası çərçivəsindən çıxıb. Təhqir, təhdid, fiziki zorakılığa çağırış və Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə cəhdlərini ehtiva edən bu kampaniya mahiyyət etibarilə informasiya müstəvisində təzyiq göstərmək cəhdidir. Bunun jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Jurnalistikanın vəzifəsi həqiqəti araşdırmaq, sual vermək, fərqli mövqeləri təqdim etməkdir. Bir xalqı və onun seçdiyi siyasi rəhbərliyi hədəfə almaq, zorakılığa çağırış səsləndirmək isə artıq tamam başqa məqsədlərə xidmət edir.
Məsələnin diqqətçəkən tərəfi budur ki, bütün bunlar Azərbaycan-Rusiya münasibətlərinin normallaşması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə siyasi səviyyədə səsləndirilən fikirlərin fonunda baş verir. Yəni bir tərəfdən dövlətlərarası münasibətlərdə əməkdaşlıqdan, digər tərəfdən isə Rusiyanın müəyyən media platformalarında Azərbaycana qarşı görünməmiş aqressivlikdən danışılır. Bu ziddiyyət istər-istəməz sual yaradır: Azərbaycan öz müstəqil siyasətini daha qətiyyətlə həyata keçirdikcə, bundan narahat olan qüvvələr niyə informasiya hücumlarını intensivləşdirirlər?
Cavab əslində aydındır. Azərbaycan artıq kiminsə regional təsir dairəsində hərəkət edən, qərarlarını başqalarının münasibətinə uyğunlaşdıran ölkə deyil. Azərbaycan öz milli maraqlarını əsas götürən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər quran və xarici siyasətinin istiqamətini özü müəyyən edən dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri də məhz budur: Azərbaycan heç bir tərəfə qarşı düşmənçilik siyasəti aparmır, amma heç bir tərəfin də Azərbaycanın müstəqil qərarvermə hüququna müdaxiləsinə imkan vermir.
Bu, bəzi dairələri narahat edə bilər. Çünki güclənən Azərbaycan əvvəlki geosiyasi təsəvvürlərə sığmır. Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yalnız tarixi ədaləti təmin etmədi, eyni zamanda Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı. Ardınca ölkənin nəqliyyat, enerji və diplomatik imkanlarının genişlənməsi, Türk dövlətləri ilə əlaqələrin dərinləşməsi, Avropa ilə strateji tərəfdaşlığın inkişafı və regional kommunikasiya layihələrində Azərbaycanın əsas təşəbbüskar mövqeyə yüksəlməsi ölkəmizin geosiyasi çəkisini daha da artırdı.
Bu gün Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Zəngəzur istiqamətində formalaşan yeni nəqliyyat perspektivləri Azərbaycanın yalnız regional deyil, daha geniş coğrafiyada əhəmiyyətini artırır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də siyasi dialoq baxımından artıq hesablaşılmalı ölkəyə çevrilib. Belə bir Azərbaycanın müstəqil siyasət yürütməsi isə təbii ki, əvvəlki təsir mexanizmlərinin işləməsini arzulayan bəzi çevrələr üçün narahatlıq doğurur.
Amma burada mühüm bir həqiqəti xüsusi vurğulamaq lazımdır: informasiya hücumu Azərbaycanın siyasi iradəsini dəyişmək gücündə deyil. Əksinə, təhdid dili və təhqiramiz ritorika cəmiyyətin bu cür təzyiqlərə qarşı daha da səfərbər olmasına gətirib çıxarır. Azərbaycan xalqı artıq belə kampaniyaların mahiyyətini yaxşı anlayır. Xüsusilə Vətən müharibəsi və ondan sonrakı dövrdə xalqımız dəfələrlə gördü ki, Azərbaycanın haqq mövqeyinə qarşı müxtəlif təzyiq və manipulyasiya cəhdləri nə qədər çox olsa da, dövlət öz yolundan dönmədi.
Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ hansısa ölkənin mediasında nə yazılması deyil, dövlətimizin öz milli maraqlarını necə müdafiə etməsidir. Dövlətin gücü həm də burada üzə çıxır: təxribat qarşısında emosional qərarlar verməmək, amma milli ləyaqətə, suverenliyə və dövlətçilik prinsiplərinə toxunan məsələlərdə qəti mövqe nümayiş etdirmək. Azərbaycan məhz bu balansı qorumağı bacarır.
Mən xüsusilə hesab edirəm ki, Rusiyanın müəyyən media qurumlarında Azərbaycan əleyhinə aparılan kampaniyanı bütövlükdə Rusiya xalqının mövqeyi kimi təqdim etmək doğru olmaz. Azərbaycanla Rusiya arasında tarixi, humanitar və iqtisadi əlaqələr var. Bu əlaqələrin dəyərini ayrı-ayrı media platformalarının məsuliyyətsiz çıxışları müəyyən edə bilməz. Azərbaycan xalqının Rusiya xalqına münasibəti ilə müəyyən siyasi və informasiya dairələrinin Azərbaycana qarşı mövqeyini eyniləşdirmək düzgün deyil. Söhbət iki xalqdan deyil, konkret olaraq Azərbaycana qarşı təhdid və təhqir ritorikasından gedir.
Daha mühüm məqam isə odur ki, bu kampaniya Azərbaycanın dövlət siyasətinə təsir göstərməyəcək. Çünki bu gün Azərbaycan öz xarici siyasətinin nəticələrini real uğurlarla nümayiş etdirir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində çəkisi artır, Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqlar qurur, Türk dünyasında aparıcı mövqeyini möhkəmləndirir, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını genişləndirir, regionda sülh gündəliyinin formalaşmasında fəal rol oynayır. Bu siyasətin əsas dayağı isə Azərbaycanın öz gücünə və imkanlarına arxalanmasıdır.
Bütün bunların arxasında Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən liderliyi dayanır. Onun həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə qəbul olunma miqyasını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Prezident İlham Əliyev yalnız Azərbaycanın siyasi lideri kimi deyil, mürəkkəb geosiyasi proseslərdə mövqeyi nəzərə alınan, regional proseslərə təsir imkanları olan lider kimi qəbul edilir. Azərbaycanın uğurlu xarici siyasəti bunun ən mühüm göstəricilərindəndir.
Xalqın öz liderinə inamı da məhz bu nəticələrdən qidalanır. Vətən müharibəsində qazanılan Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işləri və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi dövlət siyasətinin cəmiyyət tərəfindən dəstəklənməsinin əsas səbəblərindəndir. Xalq gördü ki, qarşıya qoyulan məqsədlər sadəcə siyasi bəyanat olaraq qalmır, ardıcıl şəkildə reallığa çevrilir.
Ona görə də bu gün Azərbaycana qarşı səsləndirilən təhdidlər əslində başqa bir həqiqəti də göstərir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Öz gücünə güvənən, müstəqil qərar verən və regional proseslərin istiqamətini müəyyənləşdirən Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.
Azərbaycanın cavabı da məhz bu olmalıdır: təmkin, prinsipiallıq, dövlətçilik iradəsi və öz yolundan dönməmək. Çünki müstəqillik yalnız bayraq, himn və sərhəd deyil; müstəqillik həm də heç bir təzyiq qarşısında milli iradəni itirməməkdir. Bu gün həmin iradəni nümayiş etdiririk. Dövlətimizin yüksəlişindən narahat olanlar nə qədər informasiya səs-küyü yaratsalar da, tarix artıq öz sözünü deyib: Azərbaycan öz yolunu özü seçir və bu yoldan geri dönmək niyyətində deyil.