Barrak: İsrail, Suriya və Türkiyə arasında toqquşmaların qarşısı alınacaq Gündəm

Barrak: İsrail, Suriya və Türkiyə arasında toqquşmaların qarşısı alınacaq

Birləşmiş Ştatlar administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin dinc yolla qarşısının alınması mexanizminin yaradılması üzərində işləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Suriya və İraq üzrə xüsusi elçisi, Amerikaların Türkiyədəki səfiri Tom Barrak "Reuters" agentliyinə müsahibəsində bildirib.

​O, "İsrail, Suriya və Türkiyənin iştirakı ilə münaqişələrin önlənməsi mexanizminin yaradılmasının vacibliyini" qeyd edib. "Gələcəkdə anlaşılmazlıqların qarşısını almaq üçün bu mexanizmin formalaşdırılması istiqamətində intensiv iş aparırıq. Hazırda əsas prioritet gərginliyi azaltmaq və daha təmkinli yanaşma üçün şərait yaratmaqdır", - deyə səfir əlavə edib. Mexanizmin özü hər üç ölkənin silahlı qüvvələri arasında təsadüfi toqquşmaların və ya anlaşılmazlıqların qarşısını almaq üçün nəzərdə tutulmuş birbaşa rabitə kanalı rolu oynayacaq.

​Diplomat vurğulayıb ki, İsrailin Türkiyə sərhədi yaxınlığında yerləşən Suriyanın "Əbu əl-Duhur" aviabazasına endirdiyi hava zərbələri barədə Ankaraya əvvəlcədən xəbərdarlıq edilməyib. O bildirib ki, Türkiyə "İsrail təyyarələrini müşahidə edirdi, buna görə də öz mümkün hərbi cavabına təmkinlə hazırlaşa bilərdi". "Xoşbəxtlikdən, soyuqqanlılıq vəziyyətin daha da kəskinləşməsinin qarşısını almağa imkan verdi", - deyə Barrak əlavə edib.

​Barrak həmçinin istisna etməyib ki, Türkiyə "yaxın gələcəkdə İsrailin hücumuna məruz qalmış həmin bazada öz hərbi iştirakını gücləndirə bilər".

​Suriya və İsrail gərginliyin azaldılması üzrə bir neçə raund danışıqlar aparsa da, hər hansı razılaşma əldə olunmayıb. "Bu səhər baş verən analoji insident göstərir ki, bu səyləri intensivləşdirmək və prosesi genişləndirmək lazımdır", - deyə diplomat vurğulayıb vә ABŞ-nin tərəflər arasında məlumat mübadiləsi və dialoq mexanizminin yaradılmasına dəstək verdiyini əlavə edib.

Məryəm Quliyeva