30 Oktyabr 11:51
882
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi nəzərdə tutulur.
Xalqcebhesi.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçuların daxil edilməsi, onların xidmət keçdikləri qurumların müəyyənləşdirilməsi də nəzərdə tutulur. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları dəqiqləşdiriləcək.
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Günel Elxan