SOCAR-la Aberdin Qazma Məktəbi əməkdaşlıq edəcək İqtisadiyyat

SOCAR-la Aberdin Qazma Məktəbi əməkdaşlıq edəcək

Yüksək səviyyəli qazmaçı mütəxəssislər hazırlayan mərkəz yaradılacaq

Tərlan

Aberdin Qazma Məktəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin baş ofisində Aberdin Qazma Məktəbinin direktoru Cim Sazerlənd və məktəbin biznes inkişafı departamentinin meneceri Tom Donnelli ilə görüş olub. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Dövlət Neft Şirkəti ilə Aberdin Qazma Məktəbi arasında 2 il öncədən başlanmış səmərəli əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini deyib.
Aberdin Qazma Məktəbinin direktoru Cim Sazerlənd Azərbaycanın dünya neft-qaz sənayesi tarixində mühüm rolu haqqında məlumatlı olduqlarını və belə bir ölkəyə səfərdən məmnunluq duyduqlarını söyləyib.
SOCAR-ın vitse-prezidenti X.Məmmədov Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə böyük nailiyyətlər qazanılıb, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb. Ötən dövr ərzində neft-qaz sektorunda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında yüksəlişə səbəb olub.
Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açan SOCAR-ın rəsmisi qeyd edib ki, "Şahdəniz" yatağının işlənilməsi, eləcə də Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan TANAP və TAP layihələri ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Bütün bu uğurların təməlində yüksək ixtisaslı neftçi əməyinin durduğu qeyd edilib, şirkətin 2005-ci ildən həyata keçirməyə başladığı kadr hazırlığı layihələri, daxili və xarici təqaüd proqramları, eləcə də SOCAR-ın nəzdində yaradılmış Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.
C.Sazerlənd rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verərək qeyd edib ki, 1982-ci ildən fəaliyyət göstərən bu məktəb ötən əsrin 90-cı illərindən dünyanın bir çox ölkələrində quyulara nəzarət və quyuların tənzimlənməsi sahələri üzrə fəaliyyətini genişləndirib. Hazırda üç ölkədə qazma məktəbinə malik olduqlarını, bir neçə ölkədə isə genişmiqyaslı layihələr həyata keçirdiklərini vurğulayan qonaq SOCAR, onun kompleks qazma işləri tresti, habelə təlim tədris və sertifikatlaşdırma idarəsi ilə sıx əməkdaşlıq münasibətləri qurulduğunu söyləyib.
Kompleks qazma işləri trestinin müdiri İskəndər Şirəli Aberdin Qazma Məktəbi ilə səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu məktəbin neft və qaz quyularının ən müasir texnologiyaları üzrə bütün dünyada tanındığını diqqətə çatdırıb, xüsusilə yüksək təzyiqli quyuların qazılması üzrə məktəbin yaxşı təcrübəyə malik olduğunu vurğulayıb. Aberdin Qazma Məktəbi ilə SOCAR arasında uzunmüddətli təlim müqaviləsi çərçivəsində kompleks qazma işləri trestinin 64 mütəxəssisinin yüksək səviyyəli təlim keçdiyi diqqətə çatdırılıb.
SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirən qonaqlar Qobustan regional təlim mərkəzindəki qazma simulyatoru, eləcə də digər avadanlıqlarla, mərkəzin imkanları ilə tanışlıqdan aldıqları təəssüratları bölüşüblər. Görüşdə SOCAR və Aberdin Qazma Məktəbi tərəfindən mövcud potensialdan və təcrübədən istifadə etməklə yüksək səviyyəli qazmaçı mütəxəssislərin birgə hazırlanması məqsədi ilə regional əhəmiyyətli bir mərkəzin yaradılması haqqında fikir də səsləndirilib. Aberdin Qazma Məktəbinin nümayəndələri səmərəli əməkdaşlıq üçün SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirib, əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə inandıqlarını söyləyib, perspektiv əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparılıb.