“Subsidiyaların verilməsinə nəzarət gücləndirilməlidir“ İqtisadiyyat

“Subsidiyaların verilməsinə nəzarət gücləndirilməlidir“

Vüqar Bayramov: "Vətəndaş cəmiyyəti nümayəndələrinin komissiyaların tərkibinə salınması bu sahədə şəffaflığın güclənməsinə yardım göstərə bilər"
Nizami Qarayev: "Mövcud subsidiya mexanizmi dəyişdirilməlidir"
Rövşən Ağayev: "hər bir kənd ərazisinə ayrılan vəsaitlərlə bağlı şəffaf siyahılar olmalıdır"

Prezident İlham Əliyev Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransında məmurlar qarşısında çıxışında subsidiyaların verilməsində şəffaflığın təmin edilmədiyini və onların fermerlərə çatmadığını deyib: "Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır". Dövlət başçısı subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalı olduğunu deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilib. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. "Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcək və yeni müvafiq sərəncam da imzalanacaq. Məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım etməkdir". İlham Əliyev fermerlərin problemlərinə də toxunub. O, qeyd edib ki, problemlərdən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır: "Dövlət burada da əlbəttə ki, öz yardımını göstərməlidir, göstərəcək. Biz çalışmalıyıq ki, ilk növbədə, Azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və burada aidiyyəti dövlət qurumları bu işləri tənzimləməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar ola-ola, qala-qala xaricdən məhsullar idxal edilir. Burada da ciddi nəzarət olmalıdır. Əgər biz özümüz bu məhsulu istehsal ediriksə, niyə onu xaricdən idxal etməliyik, niyə şərait yaratmalıyıq?! Hər bir dövlət öz bazarını qorumalıdır, qoruyur və Azərbaycan da bu yolla gedir". Bundan əlavə o, fermerlərin elektron qeydiyyat sistemi yaradılmalı olduğunu vurğulayıb."Bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Burada belə kortəbii yanaşma qəbuledilməzdir. Torpaqların elektron uçot sistemi yaradılmayıb, yaradılmalıdır".
Ekspert Nizami Qarayev bildirib ki, yerli istehsalın həcminin kifayət qədər olması üçün mövcud subsidiya mexanizmi dəyişdirilməlidir: "Elə şəkildə həyata keçirilməlidir ki, fermer məhsuldarlığı artırmağa, yeni texnologiya tətbiq etməyə maraqlı olsun. Bu gün tətbiq olunan subsidiya mexanizmi hektara verilir. Digər tərəfdən, fermerlər arasında təbliğat işinin genişləndirilməsi, aqrotexniki qaydaların öyrədilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də fermerlərin müəyyən keyfiyyətli istehsal vasitələri ilə təminatı məsələsindən keçir. Burada həm də seleksiyaçı alimlərin üzərinə böyük iş düşür ki, onlar emal müəssisələrinin tələbinə uyğun olan yeni sortlar yaratmalıdırlar. Maya dəyərinin yüksək olması isə fermerlərə göstərilən servis xidmətləri ilə bağlıdır. Əgər fermerlərə göstərilən servis xidmətlərinin qiyməti aşağı olarsa, son nəticədə məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxardar".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, subsidiyaların bölüşdürülməsi mexanizmi dəyişdirilməlidir: "Hazırda yeganə meyar kimi fermerin sahib olduğu əkin sahəsi götürülür, bu isə subsidiyalarla fermerlərin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir. Subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcmi də əsas götürülməlidir". Ekspertin fikrincə, dolayı subsidiyaların tətbiqi həyata keçirilməlidir: "Bu zaman ABŞ-da olduğu kimi Kənd Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət tavanı müəyyənləşdirir və əkin mövsümündən sözügedən məhsullar həmin qiymətə alınır. Azərbaycanda taxıl məhsulları üzrə belə qiymət tavanı müəyyənləşdirilə bilər. Bu, fermerlərə öz xərc və gəlirlərini qabaqcadan hesablamağa və proqnozlaşdırmağa imkan verməklə yanası, strateji məhsulların istehsalını da artırar".
O, həmçinin əlavə edib ki, Subsidiyaların verilməsinə nəzarət gücləndirilməlidir: "Maliyyə Nazirliyi bu prosesdə nöqsanların, bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin olduğunu aşkara çıxarıb. Belə nöqsanlar subsidiyaların əhəmiyyətini, aqrar sektora pozitiv təsirini azaldır. Buna görə də subsidiya verilməsinə nəzarətin gücləndirilməsi və bu yardımların verilməsi üzrə qaynar xəttin formalaşdırılmasına ehtiyac var".
Vüqar Bayramov hesab edir ki, subsidiyaların verilməsi üzrə formalaşdırılan komissiyalara vətəndaş cəmiyyəti üzvlərinin ekspertləri də cəlb olunmalıdır: "Tədqiqatlar göstərir ki, fermerlərə məxsus əkin sahələrinin, eləcə də strateji və ya strateji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi nöqsanlar var. Bir sıra hallarda əkin sahələrinin həcmi real olandan çox göstərilir, bəzi hallarda strateji məhsulun istehsal edilmədiyi sahə strateji məhsul istehsalı kimi sənədləşdirilir ki, bu da subsidiya verilməsində nöqsanların yaranmasına səbəb olur. Vətəndaş cəmiyyəti nümayəndələrinin komissiyaların tərkibinə salınması bu sahədə şəffaflığın güclənməsinə yardım göstərə bilər".
Vüqar Bayramov əlavə edib ki, aqrar sektorda çalışan insanların maliyyələşməsinə ciddi ehtiyac var: "Maliyyəçinin bu sahəyə rəhbərlik etməsi maliyyələşmə mexanizminin təkmilləşməsinə töhfə ola bilər. Həmçinin subsidiyaların verilməsində şəffaflığın artırılması da çox vacibdir. Digər tərəfdən, kooperativlərin yaradılması, istehsalın artırılması, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi qarşıda duran prioritet məsələlərdəndir".
İqtisadçı ekpert Rövşən Ağayev deyir ki, subsidiya şəklində vəsaitin əhəmiyyətli hissəsi, yəni 60 faizə yaxını birbaşa əkinə ayrılır: "Birinci növ subsidiya əkinlərin hektarına görə ödənilən subsidiyalardır. İkinci növ subsidiya gübrələrə görədir. Məlumdur ki, gübrələrin 50 faizi hökumət tərəfindən kompensasiya olunmalıdır. Güzəştli gübrələri ölkəyə dövlət xətti ilə "Aqrolizinq" gətirir. Onun qiyməti 10 manatdırsa, onun 5 manatını dövlət kompensasiya etməlidir. 15-20 milyon manat civarında vəsait də buna ayrılmalıdır. Yerdə qalan vəsait də toxumçuluq təsərrüfatlarına dövlətin verdiyi subsidiyalardır".
Ekspert onu da qeyd edir ki, bir çox rayonlarda subsidiyaların buğda əvəzinə arpayla əvəzlənməsi faktları var. Rövşən Ağayev nöqsanların qarşısının alınması məqsədilə hər bir kənd ərazisinə ayrılan vəsaitlərlə bağlı şəffaf siyahıların olmasını vacib sayır. Toxumçuluq təsərrüfatlarıyla bağlı ciddi problemlərin olduğunu deyən ekspert cəmiyyət arasında toxumun həcminin şişirdilib əlavə subsidiya alınması barədə məlumatların dolaşdığını söyləyir: "Eləcə də subsidiya ayrılması üçün ayrı-ayrı fermerlərdən müəyyən "haqq" alınması məlumatı da var. Hökumət subsidiyaların 50 faizini güzəşt etməli olsa da, fermerlərə güzəşt olunmur və güzəşt məbləğinin özü də onlardan alınır. Amma bu, faktiki büdcədən güzlədilir. Bütövlükdə subsidiyalar şəffaf xərclənmir, çünki burada ictimai nəzarət mexanizmləri yoxdur".

Əli