Manat möhkəmlənir? İqtisadiyyat

Manat möhkəmlənir?

Pərviz Heydərov: "Manatın mümkün maksimal ucuzlaşması səviyyəsi hələki bura qədər idi"

Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 9-na olan rəsmi məzənnəsində dolların qiyməti yenidən düşüb. ABŞ valyutasının qiyməti məzənnə 1.5787 səviyyəsində müəyyən edilib. Avrozonanın vahid valyutası isə bahalaşıb və 1,7610 manatdan 1.7695 manata yüksəlib. Rusiya rublu isə ucuzlaşıb. Rubl 0,0205-dən 0.0201 manata düşüb.Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Qeyd edək ki, milli valyutamızın "üzən məzənnəyə" keçməsindən 50 gün ötür. Devalvasiyanın ölkə iqtisadiyyatına və bank sektoruna vurduğu ziyanın bu müddətdə aradan qaldırılması mümkün olmayıb. Ekspertlər bildirirlər ki, hökumət manata həyat verməyə çalışır. Manatla bağlı vəziyyətin sabitləşəcəyinə inam artıq rəsmi səviyyədə elan olunmaqdadır.
Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək: "Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq".
Millət vəkili Vahid Əhmədov bildirib ki, manata etibarı qaytarmaq hazırda hökumət üçün ən önəmli məsələlərdən biridir: "Çünki manat 2015-ci ildə iki dəfə devalvasiyaya uğrayıb. Bu da banklar arasında qeyri-müəyyən vəziyyət yaradıb. Son vaxtlar bank sistemində aparılan islahatlar manata müəyyən qədər inamı artırır. Müvəqqəti də olsa, dollar müəyyən qədər düşür, manat bir az möhkəmlənir. Amma mən belə hesab edirəm ki, bu, uzun müddət davam edə bilməz. Çünki hələlik hökumətin atdığı addımların öz bəhrəsini verməsi üçün vaxt lazımdır. Əlbəttə ki, əsas bank sistemində gedən islahatların uğurla həyata keçirilməsidir. Bank sistemindəki islahat əsasən bankların birləşdirilib iri bankların yaradılmasıdır ki, onların dövriyyə vəsaiti çox böyük olsun ki, orada ciddi problem yaranmasın, bank faizləri aşağı olsun. Amma mən baxıram hətta vaxtı keçmiş kreditlərin də miqdarı artıb, 1,4 milyard manat idisə, artıq 1,5 milyard manata qalxıb. Yəni manatın arxasında hazırda neft və neftin qiyməti durur. Ona görə də müəyyən vaxt üçün müəyyən addımlar atılacaq. Amma hökumətin gördüyü tədbirlər, xüsusilə İqtisadiyyat, Maliyyə Nazirliyinin, dövlət başçısının verdiyi sərəncamlar qeyd edilməlidir. Fərmanlar hələ qüvvəyə minməyib, qol çəkiləndən sonra ola bilər müəyyən qədər manata təsirini göstərsin. Amma biz istədik, istəmədik, manat bizim milli valyutamızdır və çalışmalıyıq onu möhkəmləndirək. Yəni biz nə vaxt qeyri-neft sektorunu yüksək vəziyyətə gətirə bilsək, əlbəttə, onda manatın stabilliyindən söhbət aparmaq olar".
V.Əhmədov manatın devalvasiya təhlükəsindən də danışıb: "Devalvasiya ola da bilər, olmaya da bilər. Bu, hökumətin atdığı addımlardan asılıdır. Bizim üçün yaxın və gələcək perspektiv var. Bu gün üçün qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının ixracını yüksək səviyyədə artırmalıyıq. Kənd Təsərrüfatı Nazirliyi işlər görür. Amma kənd təsərrüfatının inkişafına diqqət artırılmalıdır. Bir də vaxtilə özəlləşdirilən müəssisələr var ki, hazırda işləmir. O müəssisələri işə salmaq lazımdır. Ümumiyyətlə, qeyri-neft sektoru inkişaf etməsə, neftin qiymətində də artım olmasa, manat təhlükədə olacaq. Manata təhlükə hələ qalmaqdadır. Devalvasiyanın olmaması Azərbaycan hökumətinin, Mərkəzi Bankının apardığı siyasətdən asılıdır".
İqtisadçı ekspert Pərviz Heydərov diqqətə çatdlırıb ki, Mərkəzi Bank (AMB) fevralın 9-na olan usd/azn rəsmi məzənnəsini 1,5787 səviyyəsində müəyyən edib. Onun fikrincə, manatın nisbətən möhkəmlənməkdə olması bir neçə səbəblə bağlıdır: "Birincisi, neftin qiyməti sabitləşib. Artıq bir müddətdir, dünya bazarlarında neftin 1 barelinin qiyməti 30-34 ABŞ dolları arasındadır. İkincisi, ABŞ dollarının dünyada möhkəmlənməsi prosesi səngiyib. Üçüncüsü, Azərbaycan hökumətinin maliyyə bazarına yönəlik tənzimləyici tədbirləri genişlənib və gücləndirilib.
Dördüncüsü, ölkədə bank sektorunda ləğv etmə və konsolidasiya prosesinə start verilib ki, bununla əlaqədar olaraq da qeyri-müəyyənlik yaranıb.
Və nəhayət, beşincisi isə, əhalinin bir hissəsi bu dəfə əllərindəki dollarları manata dəyişməyə başlayıb...
Sual yaranır ki, bu, nə qədər davam edə bilər? Manat ABŞ dollarına nisbətən, çoxmu möhkəmlənəcək?!
Əvvəla, qeyd edək ki, bir az əvvəl, ABŞ dollarına görə verilən sualın bu dəfə eyni ilə manata münasibətən irəli sürülməsi hər necə olsa da, sevindiricidir. Lakin sözümüz bunda deyil. Məsələ ondadır ki, bu gün ölkədə uşaq da bilir ki, manatın dəyəri neftə bağlıdır".
O, əlavə edib ki, birincisi, manatın dəyərini neftin qiymətinin ucuzlaşmasına görə AMB-nin mümkün maksimal dəstəyinə rəğmən, bu günədən artıq, kifayət qədər itirdiyi sirr deyil: "Bunu Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcmini 2015-ci il ərzində azalması məbləği də açıq-aşkar sübut edir. Belə ki, keçən ilin əvvəlinə AMB-nin ehtiyatları 13 milyard 758,3 milyon ABŞ dolları təşkil edirdisə, cari ilin yanvarın 1-i tarixinə bu rəqəm 5 milyard 016,7 milyon idi. 2016-cı ilin yanvar ayında isə AMB-nin valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard məbləğə düşmüşdü. Demək istədiyimiz budur ki, təkcə keçən il ərzində AMB manatın dəyərini saxlamaqdan ötrü 8 milyard 741 milyon 600 min dollar xərcləyib.
Neftin bundan sonra 25 dollardan aşağı düşəcəyi real görünmür. Yəni ki, manatın mümkün maksimal ucuzlaşması səviyyəsi hələki bura qədər idi. Başqa sözlə desək, 1 manat 60 qəpik civarınadək... Bundan da artıq ucuzlaşma üçün neftin 1 barelinin 20 dollara qədər düşməsi tələb olunur. Özü də ki, düşüb və bir müddət həmin həddə qalması... Bu isə o dərəcədə inandırıcı deyil, o səbəbdən ki, neftin qiyməti yenidən ucuzlaşmağa davam edərsə belə həmin səviyyəyə qədər düşə bilər, amma uzun müddət qala bilməz".
Ekspert deyir ki, ikincisi, əvvəlki şərhlərimizdə qeyd etdiyimiz kimi dolların dünyada möhkəmlənməsi artıq, ABŞ iqtisadiyyatının öz əleyhinə işləməkdədir: "Belə ki, Amerika ixracı azalıb. FES-in ötən ilin dekabr ayında baza faiz dərəcəsini artırmaq barədə qərarından sonra yaranmış vəziyyət ABŞ iqtisadiyyatı üçün yaxın perespektivdə yaxşı heç nə vəd etmir. Demək, ABŞ valyutasının dünyada möhkəmlənməsi prosesi artıq, istər-istəməz dayanacaq. Üçüncüsü, Azərbaycanda hökumətin başladığı tədbirlər, o cümlədən planlaşdırdığı addım və güddüyü aşkar sezilən iqtisadi siyasət və niyyət belə düşünməyə əsas verir ki, ölkədə maliyyə bazarına nəzarət getdikcə daha da möhkəmləndiriləcək.
Bu isə manata hətta, əhali tərəfindən yenidən ajiotaj və panik münasibət yaranarsa – müşahidə edilə bilərsə, spekulyativ təsirlərin olacağı hallarını azaldır və yaxud da tamamilə istisna edir.
Dördüncüsü, ölkədə bank sektoruna dair islahat uğurla həyata keçirilərsə, ləğvetmə və yaxud konsolidasiya tədbirləri bir az da sərt şəkildə həyata keçirilərsə, o cümlədən əmanətlərin daha yaxşı sığortalanması istiqamətində nəzərdə tutulan addımlar tez həyata keçirilərsə, bu özü də manatın ucuzlaşması qarşısını bir tərəfdən məhdudlaşdıracaq...
Beşincisi isə, əhalinin əllərindəki, başqa sözlə desək, yastıq altında olan nağd pullar məsələsidir ki, hazırda bunların çox issəsi ABŞ dolları şəklindədir... Yəni, necə ki, birinci devalvasiyadan sonra vətəndaşlar banklardakı əmanətlərini dollara çevirdilər, AMB-nin dekabrın 21-dəki məlum qərarından sonra isə yastıqlar altında manat qalmadı və hazırda hamısı ABŞ valyutasına mübadilə olunmuş vəziyyətdədir.
Ancaq nə yazıq ki, nə cür izah etməyə çalışsaq və necə deyərlər, hara getsək, yenə də sonda gəlib dayanmalı oluruq neftdə. Yəni, onun qiymət məsələsində... Bu mənada, dövlət büdcəsində neftin 1 barelinin cari il üçün nəzərdə tutulan qiymətinin 50 dollardan sözügedən sənədə tezliklə parlamentdə yenidən baxılaraq edilməsi gözlənilən dəyişiklik nəticəsində 25-ə salınacağı məsələsi də manatın ABŞ dollarına qarşı müqavimətini artıracaq. Hansı ki, bunu da qeyd etmək xüsusən, vacibdir. Çünki əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, manatın xarici valyutalara nəzərən ucuzlaşması qarşısını almaq yollarından biri dövlət büdcəsi gəlirlərinin təminində neftin qiymətinin rolunu azaltmaqdan keçir. Belə ki, neftin qiymətindən daxilolmalar maksimum dərəcədə məhdudlaşdırılmalıdır.
Beləliklə də, bütün bunlara bahəm demək istədiyimiz budur ki, manatın möhkəmlənməsi hələ bir müddət davam edəcək. Ümumiyyətlə, dollar nə bahalaşmayacaq, nə də ki, kəskin ucuzlaşmayacaq. Uzunmüddətli stabillik ola bilər. Çünki, ən azı dolların dünyada bundan artıq bahalaşması gözlənilmir".