Yaxın Şərqdə eskalasiya təhlükəsi
21 Yanvar 23:43

Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda müxtəlif problemlər, məsələlər müzakirə edilir, eləcə də dövlət rəhbərlərinin ayrı-ayrı görüşləri baş tutur. Azərbaycan da bu Forumda uzun illərdir təmsil olunur.
2026-cı il yanvarın 19 Forumun 56-cı toplantısı başlayıb, ayın 23-dək davam edəcək. Hələ Forum başlamadan öncə onun “2026-cı il-Qlobal Risklər Hesabatı” dərc edilib. Hesabatda geoiqtisadi münaqişə riskləri haqqında məlumat yer alıb. Qeyd edilib ki, yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklər artır.
“Xalq Cəbhəsi” bu risklərin idarə olunması və təsirlərinin azaldılması yollarını millət vəkilləri, iqtisadçılar, politoloqlarla müzakirə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2026-cı il üçün risklər geosiyasi risklərdir: “Xüsusən də aparıcı ölkələr arasında yalnız iqtisadi sahədə deyil, həm də digər istiqamətlərdə rəqabətin güclənməsi praktik olaraq bu risklərin dərinləşməsindən xəbər verir. O baxımdan məhz dünya liderlərinin geosiyasi riskləri minalaşdırması ilə bağlı daha real fəaliyyət həyata keçirməsi daha da aktuallaşıb”.
“Ticarət müharibələri bu il daha da dərinləşə bilər”
Deputat diqqətə çatdırıb ki, xüsusən qlobal, iqtisadi güclərin həm ticarət müharibələri, həm digər çağırışlarla bağlı atdıqları addımlar birmənalı şəkildə dünya iqtisadiyyatına təsir göstərir: “O baxımdan 2025-ci il ilə müqayisədə 2026-ci il üçün də dünya iqtisadiyyatında artım tempinin azalacağı proqnozlaşdırılır. Bu da birbaşa geosiyasi risklərin daha da aktivləşməsi ilə bağlıdır. Gözlənti ondan ibarətdir ki, 2025-ci ildə müşahidə edilən ticarət müharibələri bu il daha da dərinləşə bilər, geosiyasi gərginlik qlobal olaraq daha da arta bilər. Bütün bunlar isə qlobal iqtisadiyyat üçün arzuolunan deyil”.
“Risk ildən-ilə artır”
İqtisadçı Eldəniz Əmirov söyləyib ki, risk faktoru ildən-ilə artır: “Hazırkı məqamda isə elə bil vəziyyətə gəlib çıxıb ki, artıq bu risklərin idarə olunması özü həm fundamental istiqamət, həm də praktik zərurət tələb edən bir istiqamətdir. Çünki artıq riskin olmadığı nə sahə, nə zaman, nə peşə, nə fəaliyyət, nə davamlılıq var. Risk hər yerdə hər zaman var və daim də artır. Düşünürəm ki, bu kontesktdə risklərin idarə olunması üçün ilk növbədə burada bilavasitə həm iqtisadi baxımdan, həm digər baxımdan diversifikasiyanın həyata keçirilməsi, yəni risklərin şaxələndirilməsi mütləqdir”.
Təhlükəsizlik faktoru
İqtisadçı deyib ki, digər bir önəmli məsələ: istənilən proseslərin idarəçiliyində iqtisadi səmərənin əldə olunması deyil, eyni zamanda, burada təhlükəsizlik faktorları iqtisadi faktorlarla vəhdət şəklində təhlil edilməli və qərarlar qəbul olunmalıdır: “Əgər biz ayrı-ayrı istiqamətlər - iqtisadi, siyasi, texnoloji risklər və s. üzrə baxsaq, görürük ki, həm texnoloji, həm siyasi, həm də digər riskləri məhz iqtisadi alətlər vasitəsilə idarə etmək daha effektiv olur. Çünki iqtisadi maraqlar bütün maraqların üstündə dayandığı üçün sonda iqtisadi faktor risklərin sığortalanması və idarə olunması üçün ən yaxşı faktora çevrilir”.
Risklərin idarə edilməsi
E.Əmirov diqqətə çatdırıb ki, Davos İqtisadi Forumunda müzakirə edilən mövzular, qoyulmuş 5 sual risklərin artacağı yöndədir: “Amma onları idarə etmək üçün mövcud mexanizmləri təkmilləşdirmək, yəni yeni alətlərin yaradılması mümkündür. Bu alətlər bilavasitə strateji və fundamental qərarların qəbul edilməsindən, eyni zamanda, istənilən proseslərdə mərkəzləşdirilmiş deyil, paylayıcı yanaşmanın tətbiqindən asılıdır. Yəni risklər bölüşdürülür, qərarlar geniş ortamda müzakirə olunur, həmçinin tərəflərin, yəni subyektlərin birinin tam üstünlüyü, digərinin tam sıfırlanması hazırkı dönəmdə mümkün deyil. Mütləq şəkildə diversifikasiya və nisbi yanaşma sonda risklərin idarə edilməsi baxımından çox önəmlidir”.
“Forumun əsl çəkisi siyasi müstəvidə formalaşır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib ki, Davosda səslənən suallar zahirən iqtisadi məzmun daşısa da, Forumun əsl çəkisi siyasi müstəvidə formalaşır: “Burada müzakirə olunan mövzular əməkdaşlıq, dayanıqlı inkişaf və qlobal rifah kimi təqdim edilsə də, pərdəarxasında dövlətlər arasında dərin etimadsızlıq açıq şəkildə hiss olunur. Qlobal iqtisadiyyat artıq klassik bazar mexanizmləri ilə deyil, geosiyasi qərarlarla yönləndirilir. Müharibələr, sanksiyalar, ticarət qarşıdurmaları və təhlükəsizlik riskləri iqtisadi gündəliyi tam şəkildə siyasi alətə çevirib. Davos bu baxımdan kompromislərin tapıldığı platformadan daha çox, mövcud qarşıdurmaların diplomatik dillə ifadə olunduğu məkana bənzəyir. Burada verilən mesajlar rəsmi qərar olmasa da, gələcək geosiyasi toqquşmaların konturlarını aydın şəkildə göstərir.
Mənzərənin əsas risk tərəfi ondan ibarətdir ki…
Politoloq qeyd edib ki, bu mənzərənin əsas risk tərəfi ondan ibarətdir ki, Davosda səslənən əməkdaşlıq çağırışları ilə real güc siyasəti arasındakı uçurum getdikcə dərinləşir: “Qlobal iqtisadiyyatın siyasi təzyiq alətinə çevrilməsi ticarət müharibələrinin genişlənməsi, maliyyə bazarlarında qeyri-sabitlik və investisiya axınlarının zəifləməsi riskini artırır. Xüsusilə böyük güclər arasında kompromis mexanizmlərinin zəifləməsi lokal böhranların sürətlə qlobal miqyas almasına şərait yaradır. İqtisadi qərarların təhlükəsizlik prioritetlərinə tabe edilməsi qlobal istehsal və təchizat zəncirlərini daha həssas hala gətirir. Bu proses nəticəsində orta və kiçik dövlətlər üçün manevr imkanları daralır. Davosda müşahidə olunan bu tendensiya qlobal sistemin daha fraqmentləşmiş və proqnozlaşdırılması çətin mərhələyə daxil olduğunu göstərir.
“Bu, Avropa üçün ciddi siqnaldır”
Z.Qarayevanın bildirdiyinə görə, Forumun mərkəzində isə ABŞ və onun sərtləşən xarici siyasət üslubu dayanır: “Vaşinqton iqtisadi rıçaqları açıq şəkildə siyasi təzyiq mexanizmi kimi istifadə edir və bu, xüsusilə Avropa üçün ciddi siqnaldır. Tarif siyasəti, təhlükəsizlik öhdəlikləri və müttəfiqlərə yönəlmiş açıq xəbərdarlıqlar göstərir ki, qlobal sistem artıq qaydalar üzərində deyil, güc balansı üzərində qurulur. Avropa bu yeni reallıq qarşısında hələ də vahid və qəti mövqe formalaşdırmaqda çətinlik çəkir və Davos bunu bir daha üzə çıxarır. Nəticədə Forum Avropa üçün güclənmə meydanı olmaqdan çox, strateji zəifliklərin daha aydın göründüyü siyasi vitrinə çevrilir”.
Röya İsrafilova