Yaxın Şərqdə eskalasiya təhlükəsi
21 Yanvar 23:43

ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı 20 maddəlik sülh planının ikinci mərhələsini rəsmi olaraq təsdiqləyib. Bu addım regionda uzunmüddətli sabitliyin bərpası üçün mühüm əhəmiyyət daşıyır. Planın birinci mərhələsi artıq başa çatıb: atəşkəs qüvvədə qalır, HƏMAS və İsrail tərəfdən girov və məhbus dəyişmələri həyata keçirilib, ordular bəzi ərazilərdən geri çəkilib və tərəflər arasında ilk etimad addımları atılıb.
Buna baxmayaraq, Qəzza məsələsi hələ tam həll olunmayıb. Hələ də silah səsləri səngiməyib, atəşkəs pozulur və HƏMAS tam tərksilah olunmayıb. Sülh planının davamı üçün yaradılan Sülh Şurası bu prosesin koordinasiyasını təmin edəcək, HƏMAS-la silahların təhvil verilməsi, tunellərin sökülməsi, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və Qəzzanın yenidən qurulması kimi məsələlərə nəzarət edəcək.
Planın uğuru, həmçinin bölgədə uzunmüddətli stabilliyin təmin olunması üçün iki dövlətli həll yolunun tətbiqindən asılıdır. ABŞ-ın təşəbbüsü və beynəlxalq dəstək Qəzza məsələsində perspektivli addımların atılmasına ümid verir, lakin prosesin sürətli və avtomatik olmayacağı da açıq şəkildə nəzərə alınmalıdır.
Digər maraqlı məqam Trampın təçəbbüsü ilə yaradılan “Sülh Şurası”dır. Bu qurumun daha da genişlənməsi və dağılan dünya nizamı fonunda BMT-nin alternativinə çevirlməsi ehtimalı varmı və Qəzzada sülhə nail olmaq mümkündürmü?
“Tramp Qəzzanı sabitləşdirir”
Deputat Samir Vəliyev “Xalq Cəbhəsi”nə bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin rəsmi təsdiqlənməsi regionda sabitliyin bərpası üçün mühüm addım kimi qiymətləndirilir.
Deputatın sözlərinə görə, sülh planının birinci mərhələsi artıq uğurla başa çatıb: “HƏMAS israilli girovları (1 nəfər istisna olmaqla) qarşı tərəfə təhvil verib, İsrail isə çoxlu sayda fələstinli məhbusu azad edib və ordusunu bəzi ərazilərdən geri çəkib. Bu mərhələ atəşkəsin qüvvədə qalmasına və tərəflər arasında ilk etimad addımlarının atılmasına imkan yaradıb. ABŞ Prezidenti planın ikinci mərhələsinə rəsmi keçidi təsdiqləyib və HƏMAS-ın tam tərksilah edilməsi ilə bağlı razılaşmaya nail olunacağına əminliyini ifadə edib. ABŞ lideri yeni texnokratik Fələstin hökumətini dəstəkləyir və Qəzza zolağını idarə edəcək Qəzza Milli İdarəetmə Komitəsinə nəzarət edəcək Sülh Şurasının yaradıldığını açıqlayıb. Şura HƏMAS-la bütün silahların təslim edilməsi, tunellərin sökülməsi, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi, əlavə İsrail qoşunlarının çıxarılması və Qəzzanın yenidən qurulmasını təmin edəcək. Beynəlxalq ictimaiyyət “Sülh Şurası”nın uzunmüddətli münaqişənin həllinə nail olacağını gözləyir.
Onilliklər boyu davam edən bu münaqişənin dəhşətli nəticələri var. Təəssüf ki, BMT öz funksiyalarını yerinə yetirmək iqtidarında deyil. Bu baxımdan dünyanın super gücü olan ABŞ-ın təşəbbüsü reallığa çevrilə bilər və ümidlər böyükdür”.
Qəzza böhranının yeganə həll yolu
Politoloq Şakir Ağayev vurğulayıb ki, ABŞ tərəfindən Qəzza zolağı üçün yaradılmış “Sülh Şurası”nın tərkibi artıq müəyyən edilib və müxtəlif dövlətlərdən nümayəndələr dəvət olunub. Lakin o vurğulayıb ki, Qəzza məsələsinin tezliklə həll olunacağını demək hələ mümkün deyil.
Şakir Ağayev qeyd edib ki, İsrail hələ də Qəzza zolağında atəşkəsi pozur, silah səsləri davam edir və HƏMAS da tam tərksilah olunmayıb: “Qəzza məsələsinin yalnız BMT-nin qətnamələrinə əsaslanaraq iki dövlətli həll yolu ilə tam həll olunması mümkündür.
Fələstin dövləti yaradılarsa və sərhədlər müəyyənləşsə, Qəzza məsələsi tam həllini tapar. Hazırda Sülh Şurasında təmsil olunanların çoxunun mövqeləri ABŞ ilə üst-üstə düşmür. Onların yaxın Şərqdə öz maraqları var və bu maraqlar yalnız iki dövlətli həll tətbiq olunarsa təmin edilə bilər.
Bu gün BMT-yə alternativ ola biləcək rəsmi ikinci qurum yoxdur. Gələcəkdə “Sülh Şurası”nın addımları və orada təmsil olunan böyük dövlətlərin istəkləri nəticəsində bəzi beynəlxalq məsələlərdə razılıq əldə oluna bilər. Amma bu qurum BMT-nin rəsmi alternativi deyil. Qeyri-rəsmi surətdə müəyyən məsələlərdə koordinasiya rolunu oynaya bilər”.
Şakir Ağayev qeyd edib ki, gələcəkdə dünya nizamı yeni güc mərkəzlərinin razılığı ilə formalaşacaq və beynəlxalq məsələlərdə yeni addımlar atılacaq, lakin bu prosesin sürətli və avtomatik olmayacağı gözlənilir.
Günel Elxan