“Qüdsdə UNRWA-ya məxsus obyektlərə edilən basqına görə məsuliyyət İsrailin üzərinə düşür” Dünya

“Qüdsdə UNRWA-ya məxsus obyektlərə edilən basqına görə məsuliyyət İsrailin üzərinə düşür”

Fələstin dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi İsrail işğalçı hakimiyyətinin çərşənbə axşamı işğal altındakı Qüds şəhərinin Şeyx Cərrah məhəlləsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin (UNRWA) qərargahına basqın etməsini, agentliyin əmlakı üzərində söküntü işləri aparmasını və onu ələ keçirməsini, həmçinin işğalçı hakimiyyətin bayrağını həmin qərargahın üzərinə qaldırmasını ən kəskin şəkildə və qətiyyətlə pisləyir. Bu, beynəlxalq hüququn və BMT orqanlarının toxunulmazlığının kobud şəkildə pozulmasıdır.

Fələstin dövləti vurğulayır ki, bu hücum beynəlxalq hüquq və beynəlxalq hüquq normalarının bütün qanun və qaydalarının ciddi şəkildə pozulması, həmçinin İsrailin işğalçı qüvvə kimi Dördüncü Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərinin, xüsusilə ictimai mülkiyyətin qorunması və beynəlxalq humanitar qurumların maneəsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı müddəaların açıq şəkildə tapdalanması, eyni zamanda 1946-cı il tarixli BMT-nin immunitet və imtiyazları haqqında Konvensiyanın da pozulmasıdır.

Fələstin Dövləti qeyd edir ki, işğalçı hakimiyyətin qəbul etdiyi hər hansı qanunvericilik aktları və ya qərarlar UNRWA-nın hüquqi statusuna, onun mövcudluğuna və fəaliyyətinə, işğal altındakı Fələstin torpaqlarında, o cümlədən Şərqi Qüdsdə heç bir hüquqi nəticə doğurmur, çünki Şərqi Qüds beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə əsasən işğal olunmuş Fələstin ərazisinin ayrılmaz tərkib hissəsi hesab edilir.

Fələstin Dövləti UNRWA-ya qarşı bu məqsədli eskalasiyanın təhlükəli nəticələri barədə xəbərdarlıq edir. Bu addımlar agentliyin rolunu və BMT tərəfindən verilmiş mandatını sistemli şəkildə hədəfə almaq, fələstinli qaçqınların beynəlxalq müdafiə mexanizmini və onların əlindən alınması mümkün olmayan hüquqlarını, ilk növbədə isə qayıdış hüququnu sarsıtmaq cəhdləri kontekstində həyata keçirilir.

Fələstin dövləti bildirir ki, bu hücum və onun törətdiyi nəticələrə görə bütün məsuliyyət İsrail işğalçı hakimiyyətin üzərinə düşür və israilli hərbi cinayətkarlara aid şəxslərin qan tökmək və fələstinlilərin hüquqları hesabına seçki kampaniyaları aparmaq cəhdlərinin qəti şəkildə rədd edilməsinin vacibliyini vurğulayır. Bu cəhdlərə onların humanitar təşkilatlara qarşı atdıqları addımlar da daxildir. Fələstin dövləti Birləşmiş Millətlər Təşkilatını və üzv dövlətləri, xüsusilə UNRWA-nı dəstəkləyən ölkələri beynəlxalq təşkilatın imtiyaz və immunitetlərinə hörmətin təmin edilməsi, bu pozuntuların dərhal dayandırılması və agentliyin mövcudluğuna və fəaliyyətinə xələl gətirən hər hansı qeyri-qanuni tədbirlərin tanınmaması üçün təxirəsalınmaz və səmərəli addımlar atmağa çağırır.

Fələstin dövləti həmçinin bildirir ki, beynəlxalq hüququn ciddi və davamlı olaraq pozuntularına görə işğalçı dövləti məsuliyyətə cəlb etmək və işğal altındakı Fələstin torpaqlarında BMT-nin mövcudluğunu qorumaq məqsədilə bütün səviyyələrdə, o cümlədən BMT və beynəlxalq məhkəmələr qarşısında diplomatik və hüquqi fəaliyyətini davam etdirir.

Cavid