İstismara veriləndən BTC ilə 530 mln. tondan çox neft nəql edilib İqtisadiyyat

İstismara veriləndən BTC ilə 530 mln. tondan çox neft nəql edilib

2022-ci il ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 100 milyon dollar, əsaslı xərclərə isə 27 milyon dollar vəsait xərclənib.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, ötən il martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd edib.
“1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 18 yanvar 2023-cü il tarixində isə BTC 4 milyard barel neft ixracını qeyd etdi”, - məlumatda qeyd olunur.

Hesabata əsasən, 2022-ci il ərzində BTC vasitəsilə ixrac olunana təqribən 30 milyon ton (təxminən 224 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənilib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşlı” yataqlar blokunun nefti və “Şahdəniz” qaz-kondensat yatağının kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.