Ölkə üzrə 106 nəfər pambıqçı fermerə ödəniləcək zərər ödənişi 400 000 manat təşkil edir - Aqrar Sığorta Fondu İqtisadiyyat

Ölkə üzrə 106 nəfər pambıqçı fermerə ödəniləcək zərər ödənişi 400 000 manat təşkil edir - Aqrar Sığorta Fondu

Aqrar Sığorta Fondu pambıq bitkisi üzrə fermerlərə zərər ödənişlərini davam etdirir. Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb. Bu gün “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialında keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə ödənişlər təqdim edilib. Pambıq sahələri dolu riskindən zərər çəkən 55 nəfər fermerə 76000 manata yaxın sığorta ödənişi verilib. Fermerlərə simvolik çeklər təqdim olunub.

İndiyədək Ağdam rayonu da daxil olmaqla, Tərtər, Bərdə, İmişli, Goranboy rayonlarında da pambıq sahələri dolu, sel, subasma və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər görmüş 60 fermerə 116 min manatdan çox zərər ödənişi olunub.Aqrar Sığorta Fondundan verilən məlumata görə, ölkə üzrə 106 pambıqçı fermerə ödəniləcək sığorta məbləği 400 000 manat təşkil edir.

Tədbirdə çıxış edən Ağdam DAİM-nin direktor müavini Bəhruz Nəzərov bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir. Etibarlı sığorta mexanizminin işə düşməsi və ödənişlərin verilməsi isə “MKT İstehsalat Kommersiya” MMC ilə yanaşı, bu sahədə fəaliyyət göstərən çoxsaylı yerli fermerin də risklərdən qorunmasına kömək edir.

Tədbirdə qeyd olunub ki, 2022-ci ildə ölkənin 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Bunun 32 min hektarı Aqrar Sığorta Fondu tərəfindən təminat altına alınıb. Ümumilikdə sığortalanan pambıq sahələrinin dəyəri 90 milyon manata yaxın olub. İxrac potensialli pambiq bitkisi üzrə toplam sığorta haqqı isə 1 102 660 azn təşkil edib ki, bu da ötən illə müqayisədə 37 dəfə artım deməkdir. Aqrar sığorta xidmətindən istifadə edənlərin 510 nəfəri fiziki, 218-si isə hüquqi şəxslərdir.
Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Respublika üzrə pambıq əkini sahələrinin 45 faizindən çoxu bu 4 rayonun payına düşür.

Tədbir çərçivəsində MKT Ağdam filialının inzibati binasında DAİM-nin rəhbərliyinin iştirakı ilə yerli fermerlərlə görüş də keçirilib. Aqrar Sığorta Fondunun nümayəndələri Hadisələrin tənzimlənməsi şöbəsinin əməkdaşı Samid Ağayev, Vasitəçi və filiallarla iş şöbəsinin koordinatoru Xəyal Heydərov fermerlərə aqrar sığorta mexanizmi, onun faydaları, heyvandarlıq və bitkiçilik məhsullarının sığortası şərtləri barədə geniş məlumat verilib, sualları ətraflı cavablandırılıb