“Türk axını” layihəsini imzalamaqla Türkiyə və Rusiya güclərini birləşdirdi” İqtisadiyyat

“Türk axını” layihəsini imzalamaqla Türkiyə və Rusiya güclərini birləşdirdi”

Salih Yılmaz: "Bundan sonra mövcud olan bəzi problemlər zamanla aradan qalxacaq"

İlham Şaban: "Konsensusun necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq"

İstanbul sammitində ən önəmli qərarlardan biri "Türk axını" layihəsinin imzalanması idi. Bu layihənin qazandıracağı dividentlər və beynəlxalq reaksiya daha çox müzakirə olunur.
Ankaradakı İldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz deyib ki, "Türk axını" layihəsini imzalamaqla Türkiyə və Rusiya güclərini birləşdirdi. Onun sözlərinə görə, bundan sonra mövcud olan bəzi problemlər zamanla aradan qalxacaq. Politoloq əlavə edib ki, Rusiya İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinə böyük nümayəndə heyəti ilə qatıldı: "Rusiyada istehsal olunmayan kənd təsərrüfatı məhsullarına tətbiq edilən embarqolar aradan qaldırıldı. Bundan başqa, Rusiya və Türkiyənin qəbul etdiyi qərara əsasən, "Akkuyu" nüvə stansiyasında itirilən 1 illik gecikmə kompensasiya edilib sürətləndiriləcək. Rusiya Türkiyənin digər bölgələrdəki alternativləri də nəzərə alaraq təbii qazda endirimə gedərək "Türk axını" razılaşmasını imzaladı. Türk axını iki xəttdən ibarət olacaq və ümumi 31,5 milyard kubmetr həcmə sahib olacaq. Birinci xətt Türkiyədə, ikinci xətt isə Avropaya uzanacaq.
Rusiya, 2019-cu ildən sonra bitirəcəyi Ukrayna təbii qaz yoluna alternativ Türkiyə xəttini zəmanətə alaraq ABŞ-ın enerji mühasirəsini yarır".
Politoloq əlavə edib ki, "Türk axını" sayəsində Türkiyə həm satışdan pay alacaq, həm də ucuz qaz satın axacaq. Onun sözlərinə görə, "Türk axını" anlaşmasından sonra Türkiyə-Rusiya arasında böhranların baş verə biləcəyini yalnız xəyal etmək olar: "Yaxın günlərdə ABŞ-ın da gur səsini eşidə biləcəyik. Suriyaya sürpriz hücumları gözləmək lazımdır. Rusiya Türkiyə üzərindən Hələbə gedəcək humanitar yardım vasitələrini qoruyacaq. Həmçinin, Rusiya Kastillo yolunu təklif edir. Rusiya və Türkiyə başda hərbi sahələr olmaq üzrə kəşfiyyat sahəsində də əməkdaşlıq edəcək. Türkiyə ortaq silah, sənaye istehsalında qərarlıdır. Rusiya Hələbi "əl-Nusrə" ünsürlərindən təmizləməkdə israrlıdır. Türkiyə də bu məcələdə cəhd edəcək".
S.Yılmaz Rusiyanın Türkiyənin "Fırat qalxanı" hərəkatına dəstəyini təkrarlamasına diqqət çəkib. Bildirib ki, tərəflər Hələbin güvənli vəziyyətə gətirilməsi üçün ortaq qərar verdilər: "ABŞ-ın Türkiyə- Rusiya arasındakı əməkdaşlığa seyriçi qalacağını zənn etsək, yanılarıq. İlk qisasını da FETO liderindən ala bilər".
Neft və qaz məsələləri üzrə ekspert, iqtisadçı İlham Şaban isə deyir ki, Türkiyə və Rusiya arasında İstanbulda "Türk axını" ilə bağlı imzalanmış hökumətlərarası sazişə əsasən 2 boru kəmərinin tikintisi nəzərdə tutulur. İqtisadçının sözlərinə görə, bunlardan biri - 15,75 milyard kubmetrlik Türkiyə bazarına, digəri isə Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürməlidir: "İkinci boru kəməri üzrə bir çox detallar sənəddə öz əksini tapmayıb. Əgər birinci boru kəməri üzrə bildirilsə də, quru hissənin sahibi Türkiyə şirkətidir, ikinci kəmər haqqında hələ ortaq fikir yoxdur. Rusiya tərəfində isə hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna etmirlər". İlham Şaban sözügedən ikinci boru kəmərinin tikintisi ilə bağlı məsələnin hələ bir müddət qaranlıq qalacağını da istisna etmir. Onun sözlərinə görə, burada Rusiya-Qərb, Avropa münasibətlərindən də çox şey asılıdır: "Ona görə ki, ikinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya Avropa Komissiyası ilə tam razılığa gəlsin. Bu isə Ukraynadan tranzit, Şimal Axını-2 kimi layihələrinin müzakirəsindən keçir. Yəni konsensusun necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq. Ona görə də "Türk axını" layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı. Türkiyə bazarına "Türk axını" ilə faktiki olaraq 2020-ci ildə hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kubmetr çox qazın artması planlaşdırırlır. Bu elə də böyük həcm deyil. Ancaq bir faktoru nəzərə almaq lazımdır ki, Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amillərdən biridir. Rusiyanı Qərb zaman-zaman dempinq siyasəti yürütməkdə, qazdan bir siyasi alət kimi istifadədə günahlandırır. Bunun bariz nümunəsi kimi Karnegi Fondunun son araşdırmasını göstərmək olar. "Qazprom" şirkəti 2016-cı ildə Birləşmiş Ştatların Avropa bazarına maye qaz ixracını əngəlləmək üçün artıq özünün boru kəməri ilə satdığı qazın qiymətini Qərbi Avropa ölkələri üçün kəskin ucuzlaşdırıb. Məsələn, cari ilin avqustunda Almaniyada qazın hər 1000 kub metrini 150 dollardan satıb. Yəni Rusiya bazarlar uğrunda mübarizədə özünün imkanlarını nəzərə alsaq bəzən müəyyən zaman çərçivəsində hətta maya dəyərindən aşağı belə qaz satmağa gedir. Belə riskli faktorları Xəzər hövzəsindən 3500 kilometr uzaqlıqda yerləşən bazarlara qaz çıxaran şirkətlər daim nəzərə almalıdırlar".
Məlumat üçün qeyd edək ki, 2014-cü ilin dekabrında "Qazprom" və Türkiyənin "Botas" şirkəti "Türk axını" qaz kəmərinin inşasına dair memorandum imzalayıblar. İlkin olaraq layihə 63 milyard kubmetr gücündə planlaşdırılsa da, lakin sonradan bu həcm iki dəfə azaldılıb. Ancaq Ankara ilə Moskva arasında yaşanan insdent layihənin uzunmüddətli olmasını əngəllədi. Belə ki, 2015-ci ilin dekabr ayında Türkiyə hərbçilərinin ölkənin hava sərhəddini pozan Rusiya Federasiyasına məxsus qırıcı təyyarəsini vurması səbəbindən Ankara ilə Moskva arasında yaranan münaqişə fonunda layihənin həyata keçirilməsi istiqamətində də işlər donduruldu. Layihənin dondurulmasına digər bir səbəb isə Avropanın ona olan etirazı idi. Belə ki, "Türk axını" layihəsi Avropa İttifaqı onu dəstəkləməkdən imtina etdikdən sonra dondurulub. Sözügedən layihə Rusiya qazının Balkanlara və Qərbi Avropaya nəqli üçün Türkiyənin Avropa hissəsindən istifadəni nəzərdə tutur.

Əli