Sənaye parkları İqtisadiyyat

Sənaye parkları

Enerji bazarında qara qızılın qiymətinin azalması yeni bir situasiya meydana gətirib. Neft ixrac edən ölkələr öz gəlirlərinin bir qisimini itirərək, iqtisadi vəsaitlərin artırılmasının alternativ variantlarını axtarır, qara qızılı idxal edən ölkələr isə enerji təhlükəsizliyini özünün daxili alternativ enerji mənbələri hesabına təmin edərək neftdən asılılıqlarını azaldırlar. İqtisadi dairələr neft ölkələrinin gələcək vəziyyəti haqqında və dünya bazarına yeni enerji mənbələrinin çıxacağı ilə bağlı proqnozlar verir. İxracatçı ölkələr qeyri-neft sektorunun inkişafına dəstək verərək büdcəyə daxil olan vəsaitlərdə neft sektorunun payının azaldılmasında maraqlı olacaqlar. Belə ki, təbii qaz və neft kimi sərvətlərə malik ölkələrin iqtisadiyyatlarında yaranan çətinliklər həmin ölkələrin iqtisadi durumunun dəyişməsinə səbəb olur. Bu isə dünyanın siyasi və iqtisadi vəziyyətinin köklü dəyişməsinə gətirib çıxarır.
Neftin qiymətində baş verən ucuzlaşma Azərbaycan iqtisadiyyatından da yan keçməyib və ölkənin gəlirləri azalıb. Ölkəmiz neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, daxili təlabatı yerli malların hesabına ödəmək, idxalatdan asılılığı azaltmaq, ixaracatı artırmaq və iqtisadiyyatda canlanma əldə etmək məqsədilə dünya təcrübəsinə əsaslanan sənaye parklarının yaradılmasını həyata keçirir. Sənaye parklarının yaradılmasına başlanılmasının ciddi əsasları var. Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki, sənaye parkları sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasına, kənd təsərrüfatımızın, sənaye potensialımızın və şəhərlərimizin inkişafına çox böyük xeyir verəcək.
Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına, inkişafına yer verirlər. Türkiyə, Almaniya, Polşa, Latviya, Rusiya, Çin və Cənubi Koreya təcrübələri göstərir ki, sənaye parklarının yaradılması əhalinin təlabatının yerində ödənilməsində, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Böyük investisiya cəlb edən sənaye parklarında görüləcək tədbirlər iqtisadi potensialı, kənd təsərrüfatını, sənaye müəssisələrini, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasını, sahibkarlar arasında kooperasiya əlaqələrini gücləndirəcək və burada yaradılacaq müəssisələr ixracyönümlü olaraq idxalatdan asılılığı azaldacaq.
Ölkəmizdə sənaye parkının yaradılması ilk dəfə 2002-ci ilin sentyabrında imzalanan "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanda müəyyən edilib. Sənaye parklarının yaradılması bununla yanaşı, bir sıra dövlət proqramlarında, o cümlədən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqram"ında nəzərdə tutulub. Bununla yanaşı, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Balaxanı Sənaye Parkı yaradılıb.
Yuxarıda qeyd edilən mühüm sənədlərdə verilmiş tapşırıqların icrası ilə bağlı xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanıb və 2013-cü ildə "Sənaye parkları haqqında nümunəvi əsasnamə" təsdiq edilib.
Sumqayıt Kimya Sənaye Parkı Pezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır. Cənubi Qafqazın ilk kimya Sənaye Parkı olan Sumqayıt Kimya Sənaye Parkının əsas hədəfləri Qafqaz və Orta Şərq regionunu kimya-sənaye mərkəzinə çevirmək, investorlar üçün geniş imkanlar məkanı olmaq, ölkədə innovativ və yüksək texnoloji məhsullar istehsal etməkdir. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşir.
2011-ci ildə isə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılıb. Sənaye Parkının idarəedici təşkilatı "Təmiz Şəhər" ASC-dir. Parkın əsas hədəf sənayeləri bunlardır: plastikin emalı, şin/rezinin istehsalı, elektrik və elektron cihaz tullantılarının emalı, akkumulyatorların emalı, əlvan metal və kabellərin emalı, təhlükəli məişət tullantılarının emalı (batareya, lampalar, civə tərkibli əşyalar və s.), yaşıl (təkrar emal olunmuş) məhsulların təkrar istehsalını həyata keçirmək.
Qaradağ Sənaye Parkı 2015-ci ildə yaradılıb. Parkın idarəedici təşkilatı "Sumqayıt Kimya Sənaye Parkı" MMC-dir. Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir. Qaradağ Sənaye Parkının hazırda 1 rezidenti var: "Bakı Gəmiqayırma Zavodu" MMC. "Bakı Gəmiqayırma Zavodu" MMC 2010-cu ildə SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən yaradılıb. Müəssisə ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.
2015-ci ildə Mingəçevir Sənaye Parkı yaradılıb. Parkın fəaliyyətinin təşkili və idarə olunması İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə həvalə olunub. Parkın tikinti sahəsi 120 min kvadratmetr təşkil edir və inşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulub. Parkda ilkin olaraq 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub. Sənaye parkında 9 müəssisə - pambıq iplik, akril iplik, yun ipliyi, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı da nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq. Pambıq ipliyi istehsalı ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton, akril ipliyi istehsalı ilkin mərhələdə il ərzində 3 min ton, yun ipliyi istehsalı ildə 3 min ton istehsalı nəzərdə tutulur. Corab istehsalı ilkin mərhələdə tələbatın 50 faiz ödəməklə illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corab, ayaqqabı istehsalı illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək. Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək.
2015-ci ildə Neftçala Sənaye Məhəlləsi yaradılıb. Artıq Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yardılıb. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunub. Bunlardan 4 layihə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınıb. Ümumi sahəsi 7800 kvadrat metr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadrat metr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsi üçün hazır vəziyyətə gətirilib. 2016-cı ildə yaradılmış Masallı Sənaye Məhəlləsinin təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti" ASC həyata keçirir.
Pirallahı Sənaye Parkı isə 2016-cı ildə yaradılıb. Yaxın zamanlarda da, ölkə ərazisində bir neçə yeni Sənaye Parkının tikintisi gözlənilir ki, bunlardan biri də Gəncə Sənaye Parkıdır. Burada, əsasən, metallurgiya sahəsində fəaliyyət göstərən müəssisələr konsentrasiya olacaqlar. Parklar, adətən, dəmir yolu şəbəkəsinə, hava limanına, dəniz və ya çay limanına, yaxud şose şəbəkəsinə yaxın ərazilərdə tikilir. Biznes mühitinin yaxşılaşdırılmasında parklar mühüm əhəmiyyətə malikdir və sahibkarlar burada torpaq əldə etmək üçün müraciət etmək, müvafiq ödəniş həyata keçirmək, kommunal xidmətlərə giriş imkanı əldə etmək, tullantıların emalı sistemlərini tikdirmək, yerli hakimiyyət orqanlarıyla bürokratiya halları kimi problemlərlə üzləşmirlər.
Parklar ümumi iqtisadiyyatın dirçəldilməsi ilə yanaşı, daxili bazarın qorunub saxlanılmasında əvəzsiz rola malikdirlər. Parklarda istehsal olunan məhsullar daxili bazarlara yönəldilərək. Ölkəmiz istər sənayedə, istərsə də kənd təsərrüfatında bir sıra məhsullarla özünü tam təmin edə bilmir. Bu baxımdan, sənaye parkları mühüm rol oynayacaq. Bu isə ölkədən valyutanın xaricə axınını dayandıraraq yerli istehsala yönəldəcək və büdcəyə əlavə vəsaitlər gətirəcək. Özünütəminetmə səviyyəsinin yüksəldilməsində parklar yerli istehsalçıları daha da həvəsləndirəcək və onların istehsal gücünü artıracaq. Beləliklə, iqtisadiyyat xarici iqtisadi güclərdən asılı olmayaraq, özünütəminetmə ilə dünya bazarına çıxış əldə edəcək, ölkəmiz bir iqtisadi gücə çevriləcək.

Mahmud Sadıqov,
ADİU-nun magistrantı