“Turizm haqqında“ qanun layihəsi müzakirə olunub İqtisadiyyat

“Turizm haqqında“ qanun layihəsi müzakirə olunub

Sektor müdiri: "Turizmin inkişafında bələdiyyələrin rolu ilə bağlı məsələlər Türkiyə təcrübəsindən götürülməlidir"

Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Turizm haqqında" qanun layihəsinin növbəti müzakirəsi keçirilib.
İclasda çıxış edən komitənin sədri Hadı Rəcəbli bildirib ki, dövlət başçısının tapşırığı ilə bu il bir sıra ölkələr üçün viza rejiminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub: "Azərbaycan bu il turizm "bum"u yaşadı. Son 13 ildə Azərbaycanda hotellərin sayının 6 dəfəyədək artmasına baxmayaraq, hotellərdə yer tapılmırdı".
Azərbaycanda turizmin inkişafı sahəsində dövlət tərəfindən bir çox tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayan H.Rəcəbli qeyd edib ki, dünya turizminin reytinq siyahısında Azərbaycan turizmi 141 ölkə sırasında 36-cı yerdə dayanır.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, "Turizm haqqında" qanun layihəsi ilə bağlı fikir ayrılıqları olsa da, nəticə etibarı ilə ümumi məxrəcə gəlinib: "Qanun ilkin olaraq 135 maddədən ibarət idi. Müzakirələrdən sonra mövcud vəziyyət, tələblər və edilən təkliflər nəzərə alınaraq, maddələrin sayı 93-ə endirilib. Artıq Maliyyə Nazirliyi daxil olmaqla, bütün dövlət qurumları qanun layihəsi ilə bağlı rəylərini bildirib. Qanunda əsas hədəf kimi Mədəniyyət və Turizm Nazirliyinin 2001-ci ildən bu günə qədər olan təcrübəsi, ölkədə formalaşan və beynəlxalq müəssisələrdə təhsil alan mütəxəssislərin və turizm şirkətlərinin verdikləri təkliflər, tövsiyələr, eləcə də Ümumdünya Turizm Təşkilatının bizə verdiyi tövsiyələr əsas götürülüb. Layihədə eyni zamanda, Avstriya və Litva tərəfindən bizə təqdim olunan təkliflər də nəzərə alınıb".
M.Qəhrəmanov deyib ki, turizmin inkişafında bələdiyyələrin rolu ilə bağlı məsələlər Türkiyə təcrübəsindən götürülməlidir.
Onun sözlərinə görə, Türkiyədə bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər: "Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinləri üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdirlər. Lakin Azərbaycanda Milli Məclisin bələdiyyələrə tapşırıq vermək deyil, yalnız tövsiyə etmək hüququna malik olması da burada nəzərə alınacaq. Bu baxımdan da biz çalışmışıq ki, maksimum dərəcədə mövcüd olan problemlərin həllini bu sənədlə ortaya qoyaq. Sonrakı mərhələdə əsas məqsədimiz həm regional, həm də yerli səviyyədə turizmin inkişafını təmin etməkdir. Təbii ki, bütün məsələləri şəhərlərin üzərinə yükləmək olmaz".
"Sağlamlıq və Termal Turizmə Dəstək" Assosiasiyasının sədri, "Millenium turizm konqres DMC" şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, qanun layihəsinin turizm sahəsinə dövlət dəstəyi ilə bağlı maddəsindəki dəstəkləri daha da genişləndirmək olar. Onun fikrincə, bunun üçün Türkiyə təcrübəsindən də istifadə edilə bilər.
R.Quliyev bildirib ki, orta və kiçik sahibkarlığın stimullaşdırılması nöqteyi-nəzərindən sağlamlıq turizm təsisatlarını xarici ölkələrdə təbliğ edən bütün təsisatlara dövlət tərəfindən dəstək verilə bilər.
R.Quliyev bildirib ki, turizm sahəsinə dövlət nəzarəti ilə bağlı məsələdə Belarus və Latviya modelini nümunə kimi götürmək olar: "Sağlamlıq turizminin inkişafından söhbət gedirsə, onun inkişafında Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturları da maraqlı olmalıdırlar".