“Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar” İqtisadiyyat

“Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar”

Elman Rüstəmov: "Yüksək inflyasiyaya görə insanlar, müəssisələr öz gəlirlərini itirilər"

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunmasını və yeni iqtisadi artıma keçidi nəzərdə tutan tədbirlər planı üzərində işlənilir.
Bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Elman Rüstəmov sənədin hələ razılaşdırılmamasını əsas gətirərək, detallar barədə məlumat verməyib: "Bilirsiniz ki, ölkədə Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu Şurada olduqca ciddi iş, müzakirələr gedir. Şurada gedən müzakirələr makroiqtisadi sabitliyin təmin olunması, struktur və sosial islahat məsələlərini də əhatə edir".
Elman Rüstəmovun qənaətinə görə, neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir: "Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti əsas makroiqtisadi göstəricilərdəndir".
Onun sözlərinə görə, manatın neftin bu qiymətinə adaptasiya olunmasına həm pul-kredit, valyuta siyasəti, həm də büdcə siyasəti çərçivəsində görülən işlər nəticəsində mümkün olub: "Neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 mlrd. dollar gəlir, yaxud 10 dollar düşməsi 1,7 mlrd. dollar itki deməkdir. Azərbaycan hökumətinin itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var ki, buna diqqət vermədən bütövlükdə öz siyasətini formalaşdırsın. Təbii ki, gəlirlərin artması bizim üçün çox önəmlidir. Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar. Hətta yüksək neft qiymətləri olsa belə, artıq post-neft erası, yeni iqtisadi modelə keçid əsas məqsəddir.
Yəni, qiymətlər yüksək olsa da, bundan öncəki 10 ilin iqtisadi modelinə qayıdış olmamalıdır. Çünki dünyada yeni çağırışlar var və biz bunu nəzərə almalıyıq".
Elman Rüstəmov deyib ki, Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb.
Onun sözlərinə görə, hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir: "Buna baxmayaraq, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarə edilməsi siyasəti mövcuddur. Biz bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənnəsində nə baş verə biləcəyinə əmin deyilik. Bizim gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzu olunan səviyyədə sabitləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkan olacaq".
Elman Rüstəmov 2017-ci ilin dövlət büdcəsinin çox mürəkkəb şəraitdə formalaşdığını bildirib: "Büdcə layihəsinin hazırlanmasına böyük əmək sərf olunub. "Mən hakimiyyətdə uzun müddət çalışan bir insan kimi o fikirlə razılaşıram ki, 2017-ci ilin büdcəsi, vergi siyasəti, o cümlədən bütövlükdə makroiqtisadi siyasət çərçivəsi mürəkkəb şəraitdə formalaşıb. Lakin mən buna ən mürəkkəb deməzdim. Çünki biz 90-cı illərdə çətin dövrlərdə yaşamışıq".
Elman Rüstəmov deyib ki, tədiyyə balansının əsasını təşkil edən cari əməliyyatlar balansı tarazlığa çox yaxındır, sıfıra yaxınlaşdırılıb.
Onun sözlərinə görə, manatın məzənnəsinin əhəmiyyətli korreksiyası 2015-2016-cı ildə xidmətlər və mal ixracının təxminən 6 mlrd.dollar azalmasına gətirib çıxarıb.
Bununla belə, AMB-nin İdarə Heyətinin sədri qeyd edib ki, kapital hərəkəti balansında problemlər qalmaqdadır: "Bu nə ilə bağlıdır? Bizim çoxdan toplanmış problemlərimiz, borclanmalarımız, şirkətlərə zəmanət verilən borclar var. Hazırda bu borclar reallaşır. Azərbaycan Beynəlxalq Bankının xarici borclanması var. Köhnədən qalan bu borcları verməyə məcburuq. Bu amil bazara çox ciddi təsir göstərə bilir. Eyni zamanda, biz çox nəhəng beynəlxalq layihə həyata keçiririk. Bu, TANAP layihəsidir. Bu layihəni maliyyələşdirmək üçün ölkə valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olur. Yəni, bu layihə də bizim tədiyyə balansının kapitalın hərəkəti hissəsinə təsir edir. Əgər bütün bunları qiymətləndirsək, bütövlükdə tədiyyə balansının bu il gözlənilən 5 mlrd. dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90%-i məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni, bu, keçmiş və gələcəklə bağlıdır. Başqa sözlə, keçmişdə götürülmüş borclarla və gələcək layihələrimizlə əlaqədardır. AMB bu problemlərin cari balansa və cari kursa təsir göstərməməsini nəzərdə tutan valyuta siyasəti yürüdür".
Elman Rüstəmov əlavə edib ki, bu gün əsas prioritet makroiqtisadiyyatın sabitləşdirilməsi və inkişafa nail olmaqdır: "Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Hər ikisinin son məqsədi insanların, şirkətlərin və dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır. Sabitlik yoxdursa, eləcə də yüksək inflyasiyaya görə insanlar, müəssisələr öz gəlirlərini itirilər. Buna görə də, dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də biz makroiqtisadi sabitləşməyə nail olmaqla insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almalıyıq. Makroiqtisadi sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Buna görə də indi əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır".