Beynəlxalq maliyyə qurumlarının TANAP-a 4 milyard dollara kredit ayırması gözlənilir İqtisadiyyat

Beynəlxalq maliyyə qurumlarının TANAP-a 4 milyard dollara kredit ayırması gözlənilir

Beynəlxalq maliyyə qurumlarının Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə ümumilikdə 4 milyard dollaradək kredit ayırması gözlənilir. Dünya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankından layihəyə ayrılan 1,4 milyard dollarlıq kreditlə yanaşı, Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından da maliyyə vəsaiti cəlb olunacaq.
Artıq Dünya Bankının Direktorlar Şurası TANAP layihəsinə 800 milyon ABŞ dolları kredit ayrılması ilə əlaqədar qərar qəbul edib. Belə ki, Dünya Bankı Qrupuna daxilolan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə cəlb olunacaq kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə "Botaş" şirkətinə veriləcək. "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılan kredit 5 ili güzəştli olmaqla 30 il müddətinə, "Botaş"a cəlb olunan kredit isə 5 ili güzəştli olmaqla 24 illiyə verilib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Siril Muller deyib: "TANAP layihəsinə maliyyə dəstəyi göstərməkdən məmnunuq. Layihə rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. Layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsini dəstəkləyəcək".
Dekabrın 21-də Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurası da TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Kredit Azərbaycan hökumətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə verilib. AİİB-in vitse-prezidenti və baş investisiya direktoru DJ Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrastrukturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.
"Bu enerji infrastrukturu layihəsinə investisiya Azərbaycanın yeni bazarlara inteqrasiyasına və Türkiyənin enerji təhlükəsizliyinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyətə malikdir. TANAP, həmçinin Avropa üçün də faydalı olacaq. Bu kəmərin tikintisi Azərbaycan və Türkiyədə çoxsaylı məşğulluq imkanları yaradacaq", – deyə bankın məlumatında bildirilir.
TANAP-ın baş direktoru Saltuk Düzyol isə 11,7 milyard dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərclərinin hazırda 8,5 milyard dollara düşdüyünü deyib. Layihə üzrə işlərin 55 faizi görülüb. TANAP-ın inşası çərçivəsində qurudakı 4 lot üzrə indiyədək 1570 kilometr uzunluğunda xəndək qazılıb və 1200 kilometr boruların qaynağı tamamlanıb. Türkiyənin təbii qazı qəbul edəcək Əskişəhərdə 56 düymlük borulardan istifadə olunur. Boru kəmərinin Əşkişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsi 48 düymlük borulardan inşa ediləcək. TANAP-ın 19 kilometrlik Çanaqqala boğazı hissəsi 36 düymlük iki paralel boru kəmərindən ibarət olacaq. Boru kəmərinin tikintisi işləri çərçivəsində sahələrdə təxminən 10 min işçi çalışır.
Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq. 11,7 milyard dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 milyard dollara düşüb. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi, yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı planlaşdırılır. Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC-58 faiz, "Botaş"-30 faiz və BP şirkəti-12 faiz.