“Qeyri-neft sektorunun inkişafı üçün zəruri baza yaradılıb“ İqtisadiyyat

“Qeyri-neft sektorunun inkişafı üçün zəruri baza yaradılıb“

Son illər ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, xüsusilə aqrar sektorun, onun bir istiqaməti olan ənənəvi sahələrin dirçəldilməsi prioritet məsələlərdəndir. Tütünçülük, baramaçılıq və fındıqçılıq da hələ uzun illər öncə Azərbaycanda ənənəvi və ixracyönümlü sahələrdən olub. Hazırda bu sahələrin daha da inkişaf etdirilməsinə mühüm dövlət dəstəyi göstərilir. Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev bir daha bu məsələlərə toxunub, mövcud vəziyyətdən və perspektivdən danışıb. Dövlətimizin başçısının həmin müşavirədə qarşıya qoyduğu tapşırıq və vəzifələrin yerinə yetirilməsi məşğulluğun təmin olunmasına, insanların əlavə qazanc əldə etmələrinə, ixracın artırılmasına və ölkəyə valyuta axınına səbəb olacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru Müslüm İbrahimov bu barədə fikirlərini ixtisarla oxucularımıza təqdim edirik:
2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib. Bu gün tam əminliklə deyə bilərik ki, əgər o proqram qəbul edilməsəydi, milli iqtisadiyyatımızda qeyri-neft sektorunun inkişafı üçün zəruri fundamental baza olmayacaqdı. Bundan başqa, konkret sahələri əhatə edən daha neçə dövlət proqramı qəbul edildi. Bu proqramlar olmasaydı, 2015-ci ildə qlobal maliyyə böhranın mənfi və dağıdıcı təzahürləri milli iqtisadiyyatımıza da təsir edərək, staqflyasiya vəziyyətindən çıxmasını çətinləşdirərdi. Ölkəmizin iri şəhərlərindən uzaqda yerləşən bölgələrimiz, kənd əhalisi ağır sosial-iqtisadi problemlərlə üzləşə bilərdi. Məhz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi sayəsində milli iqtisadiyyatımızda dərin və geniş şaxələndirmənin həyata keçirilməsinə müsbət şərait yarandı. Belə ki, son 6 ay ərzində ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Təkcə kənd təsərrüfatı ixracı 40 faizdən çox olub. Nəticədə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artıb. Eyni zamanda, Azərbaycana bu dövrdə 5 milyard investisiya qoyulub.
Bölgələrdə zəruri və irimiqyaslı işlərin aparılması nəticəsində 20-dən çox yeni elektrik stansiyası tikilib, qazlaşdırma səviyyəsi 93 faizə çatıb, 11 min kilometr yeni magistral və kəndarası yollar salınıb, böyük meliorasiya layihələri icra edilib. Bütün bu işlər bölgələrdə rahat və səmərəli biznes fəaliyyətinin aparılmasına şərait yaradıb, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri açılıb. Üç mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib.
Azərbaycan dövləti iqtisadi rayonların konkret bitkilər üzrə ixtisaslaşması, bölgələr arasında istehsalın daha optimal yerləşdirilməsi istiqamətlərini müəyyənləşdirib
Məlum olduğu kimi, avqustun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Müşavirədə şimal-qərb zonasında, ümumilikdə, iqtisadiyyatın inkişafı və əsasən texniki bitkilərin istehsal vəziyyəti ətraflı təhlil edildi, bu istiqamətdə görülən işlərə ümumi iqtisadi səmərəlilik, yerli xammaldan kompleks istifadə baxımından qiymət verildi.
Azərbaycanın şimal-qərb zonasında baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş müşavirənin keçirilməsi onu göstərir ki, dövlət artıq iqtisadi rayonların konkret bitkilər üzrə ixtisaslaşması, kompleks və səmərəli inkişafı, bölgələr arasında istehsalın daha optimal yerləşdirilməsi istiqamətlərini müəyyənləşdirib. Belə ki, sözügedən sahələr bu bölgədə əsrlər boyu inkişaf edib, istehsalın böyük və zəngin ənənələri mövcuddur.
Qeyd etməliyik ki, texniki bitkilərin istehsalı kənd təsərrüfatının ən mürəkkəb sahələridir, burda sahələrarası qarşılıqlı iqtisadi əlaqələr, istehsal və satış əməliyyatları, bu bitkilərə məxsus xüsusi tələb olunan mütərəqqi texnologiyalar, peşəkarlıq, sənaye sahələri ilə birbaşa əlaqəsi, dünya bazarında qiymətlərin dəyişkənliyi, tez-tez inhisar situasiyalarının yaranması, mürəkkəb texnolojı tsiklin olması və sair amillər istehsal prosesini çətinləşdirir. Lakin milli iqtisadiyyatın səmərəli sahə-iqtisadi strukturunun qurulması dünya bazarında daimi tələbatı nəzərə alaraq, valyutatutumluluq dərəcəsinin yüksək olması baxımından böyük həcmdə kapital qoyuluşunu tələb edir. Çoxşaxəli istehsal tsiklin tam əhatə olunmaması, ümumilikdə, texniki bitkilərin istehsalını səmərəsizləşdirir. Şübhəsiz ki, kiçik fermer təsərrüfatlarının kifayət dərəcədə maliyyə resurslarının olmaması bu sahəyə investisiya qoyuluşunu məhdudlaşdırır, hətta yuxarıda göstərilən səbəblərə görə banklar yüksək riskin olmasından kreditlərin verilməsindən imtina edirdilər. Bu və digər səbəblərə görə texniki bitkilərin istehsal həcmi gündən-günə azalaraq yox dərəcəsinə çatmış və ümumiyyətlə, aqrar istehsal strukturundan çıxarılmışdı. Prezident İlham Əliyev müşavirədə artıq bu sahədə qısa müddətdə köklü dönüşün baş verdiyini bildirdi. Dövlətimizin başçısı cəmi iki il ərzində pambıq istehsalının təxminən 10 dəfə artdığını, 18 min hektarda yeni fındıq bağları salındığını vurğuladı. O cümlədən 50-dən çox sahibkara 10,6 milyon manat, 2017-ci ilin ötən dövründə isə fındığın tədarükü, emalı və ixracyönümlü layihəyə 600 min manat güzəştli kredit verilib. Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Bu ilin birinci yarımili ərzində 32.3 milyon ABŞ dolları dəyərində fındıq ixrac edilib.
Dövlətimizin başçısı Sovet İttifaqı dövründə barama istehsalı üzrə Azərbaycanın Özbəkistandan sonra 2-ci, baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yerdə olduğunu xatırladaraq, hazırda Azərbaycanda 30 rayonda barama istehsal olunduğunu bildirdi. Bu gün dövlət bu sahənin dirçəldilməsini qarşıya əsas vəzifə kimi qoyub.
Tütünçülük də əsas ənənəvi və ixracyönümlü sahələrdəndir. Azərbaycanda cəmi 1 milyard 600 milyon siqaret istehsal edilir, ancaq istehlak 10 milyarda çatır. Bu səbəbdən Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta çıxır. Buna görə də dövlətimizin başçısı bu sahədə idxaldan asılılığı azaltmaq, tütünçülüyü inkişaf etdirmək, ixrac potensialını artırmaq üçün tapşırıq və tövsiyələrini verdi.
Fındıqçılığa gəldikdə, Prezident İlham Əliyev bu sahənin inkişaf etdiyini bildirsə də, bunun, lazımi səviyyədə olmadığını vurğuladı. 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idisə, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Əkin sahələri 32 min hektardan 55 min hektaradək artıb, yəni 23 min hektarda yeni fındıq bağları salınıb. Bu, son hədəf deyil. Dövlətimizin başçısı bildirib ki, fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olub. Fındıqçılar gərək çalışsınlar ki, bu liderliyi əldən verməsinlər.
Qaxda keçirilən respublika müşavirəsində tütünçülük, baramaçılıq və fındıqçılıq sahələrinin inkişaf etdirilməsi üçün qarşıya konkret vəzifələr qoyuldu
Respublika müşavirəsində bu üç sahə üzrə qarşıya konkret vəzifələr də qoyuldu.
Tütünçülük: Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə tütünçülüyün inkişafı üçün xüsusi plan tərtib edilməli, hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları qurulmalı, 2021-ci ilə qədər tütün əkini sahələrini 6 min hektara çatdırmaqla hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunmalıdır. Həmçinin bu yaxınlarda tütünçülüyün inkişafına dair Dövlət Proqramının qəbul ediləcəyi də bildirildi.
Baramaçılıq: Gələn il 500 ton barama tədarük edilməli, 2019-cu ildə ən azı 1000 ton, 2025-ci ildə 6 min ton barama istehsal olunmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə 10 milyon tut ağacı əkilməlidir.
Fındıqçılıq: Bağların sahəsi 80 min hektara çatdırılmalı, ixracın, həmçinin məhsulun çeşidi artırılmalı, yeni bazarlar axtarılmalıdır.
Beləliklə, Qaxda keçirilmiş respublika müşavirəsində bir daha təsdiq olundu ki, dövlətimiz regionlarda yeni iş yerlərinin yaradılması, kəndlilərin, fermerlərin həyat səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının genişləndirilməsi, idxaldan asılılığın azaldılması istiqamətində konkret addımlar atır. Prezident İlham Əliyevin nitqi aqrar sektorun inkişafına xüsusi diqqət yetirilməklə yanaşı, dövlətin vəsaitlərinin səmərəli istifadəsinə də ciddi nəzarət edildiyini göstərdi. Əminliklə demək olar ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2017-ci ildə görülən işlərə dair hesabatda biz daha böyük nailiyyətlərin qazanıldığını görəcəyik.