11:54
322
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda korporativ idarəetmə qaydalarının pozulması ilə bağlı “Azərbaycan Sənaye Sığorta” ASC və “Qala-Həyat” Sığorta Şirkəti ASC-yə icrası məcburi göstəriş verib.
"APA-Economics" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, hər iki şirkətdə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması faktları müəyyən edilib. Bu səbəbdən Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə əsaslanaraq sığortaçıların pozuntuları aradan qaldırması üçün məcburi göstəriş verib. Qanunun həmin maddəsi tənzimləyici quruma pozuntuların aradan qaldırılması, risklərin məhdudlaşdırılması və zəruri hallarda rəhbər heyətə dair tələblər müəyyən etmək səlahiyyəti verir.
Hər iki şirkətə verilmiş göstərişin icrası hüquqi baxımdan məcburidir və icra edilmədiyi halda əlavə tənzimləyici tədbirlər tətbiq oluna bilər.