11:54
322
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 071 837,4 min manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,6% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında sözügedən göstərici 1 999 005 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 825 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 0,9% artım müşahidə olunub.
Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 17 135,6 mln. kubmetr qaz ötürülüb (1,98%-lik artım olub).
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 707 608,8 min manat təşkil edib, bu da illik müqayisədə 7,6% artım deməkdir.
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).