Səfir: Moldova Azərbaycandan qaz alınması üçün regional təşəbbüslərdə iştirak imkanlarını müzakirə edir İqtisadiyyat

Səfir: Moldova Azərbaycandan qaz alınması üçün regional təşəbbüslərdə iştirak imkanlarını müzakirə edir

Energetika Azərbaycanla əməkdaşlığımızın ən vacib və perspektivli sahələrindən biridir.

Bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun APA-ya müsahibəsində bildirib.

“Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra Moldova qaz və elektrik enerjisi mənbələrini sürətlə şaxələndirib. ENTSO-E Avropa enerji sistemi ilə sinxronlaşmışıq, Rumıniya üzərindən tədarük həcmini artırmışıq, Avropa qaz bazarından və qonşu ölkələrin infrastrukturundan daha geniş istifadə edirik.

Bu fonda Azərbaycan həm təbii qaz təchizatı, həm də “yaşıl enerji” sahəsində mühüm potensial partnyor kimi nəzərdən keçirilir”, - səfir deyib.

Diplomat qeyd edib ki, hazırda Moldova bir neçə təchizatçıdan, o cümlədən Azərbaycandan qaz alınmasını nəzərdə tutan regional təşəbbüslərdə iştirak imkanlarını müzakirə edir. Eyni zamanda, Azərbaycan–Gürcüstan–Rumıniya–Aİ xətti üzrə “yaşıl” elektrik enerjisi ixracı layihəsinə qoşulmaq perspektivi də araşdırılır.

“Bundan əlavə, Moldova qaz anbarlarından və interkonnektorlardan daha geniş regional enerji təhlükəsizliyi memarlığının bir hissəsi kimi istifadə imkanlarını nəzərdən keçirir. Məqsədimiz yalnız enerji resursları almaq deyil, həm də Azərbaycan kimi əsas aktorun oynadığı möhkəm və şaxələndirilmiş enerji sisteminə inteqrasiya olunmaqdır”, - Aleksandr Esaulenko vurğulayıb.