15:01
637
Böyük Britaniyanın “ACG Metals Limited” şirkəti Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan “Anglo Asian Mining” (AAM) şirkətini almaqdan imtina edib.
“APA-Economics”in əldə etdiyi məlumata görə, ACG Metals AAM-i almaq üçün təklif vermək niyyətində olmadığını rəsmi şəkildə qeyd edib. Şirkət bildirib ki, “Anglo Asian”ın aktivləri üzrə aparılan qiymətləndirmədən sonra bu cür satınalmanın ACG-nin səhmdarları üçün əlavə dəyər yaratmayacağı qənaətinə gəlinib.
Bu açıqlamaya əsasən, ACG-nin Böyük Britaniyanın Şirkətlərin Alınması və Birləşməsi üzrə Qaydalarına uyğun olaraq “Anglo Asian” üçün təklif verməsi hüquqi baxımdan məhdudlaşdırılıb.
Anglo Asian Mining PLC isə ACG-nin bu qərarını qeyd edərək bildirib ki, şirkət səhmdarlar üçün dəyər yaratmaq məqsədilə istehsalın və mövcud aktivlərin inkişafını davam etdirir. Şirkətin açıqlamasına görə, son 12 ay ərzində istismara verilmiş iki yeni mədən, eləcə də uzun müddətdir gəlir gətirən mövcud layihələr bu strategiyanın əsasını təşkil edir.
Anglo Asian həmçinin Xarxar və Qaradağ layihələrinin inkişafı, eləcə də orta səviyyəli mis istehsalçısına çevrilmə planlarının mərhələli şəkildə icra edildiyini bildirib. Şirkət vurğulayıb ki, bazarlar son dövrdə idarəetmə komandasının geniş lisenziya portfeli əsasında yeni imkanlar yaratmaq bacarığını daha aydın qiymətləndirməyə başlayıb.
Açıqlamada qeyd olunub ki, Anglo Asian rəhbərliyi mövcud strategiyanın indiyədək səhmdarlar üçün uğurlu olduğunu və biznesin üzvi şəkildə böyüməsi hesabına uzunmüddətli dəyərin artırılacağına əmindir.
Qeyd ki, “ACG Metals Limited” noyabrın 26-da AAM-in mövcud və buraxılacaq bütün adi səhm kapitalını almaq imkanını araşdırdığını bəyan etdikdən sonra şirkətin səhmlərinin London birjasında ticarəti dayandırılmışdı. Rəsmi prosedurlara görə, ACG-yə dekabrın 24-nə kimi rəsmi təklif irəli sürmək və ya da alışdan imtina etmək üçün vaxt verilmişdi.
Xatırladaq ki, “Anglo Asian” 1997-ci il avqustun 21-də imzalanan hasilatın pay bölgüsü (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.
16:03
196
16:02
196
15:21
504