“TRİPP-lə bağlı ən real addım hüquqi və texniki çərçivənin tamamlanmasıdır” Siyasət

“TRİPP-lə bağlı ən real addım hüquqi və texniki çərçivənin tamamlanmasıdır”

“Yaxın aylarda TRİPP layihəsi ilə bağlı ən real addım hüquqi və texniki çərçivənin tamamlanması ola bilər. Xarici işlər naziri Ceyhun Bayramovin açıqlamasından görünür ki, hazırda proses sənədlərin hazırlanması mərhələsindədir və ABŞ ilə Ermənistan arasında marşrutun Ermənistan ərazisindən keçən hissəsi üzrə danışıqlar davam edir. Bu isə o deməkdir ki, ilk mərhələdə layihənin idarəetmə modeli, təhlükəsizlik mexanizmləri, gömrük prosedurları və investisiya çərçivəsi ilə bağlı razılaşmaların açıqlanması gözlənilir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva deyib ki, paralel olaraq Ermənistan ərazisində avtomobil və dəmir yolu infrastrukturunun layihələndirilməsi və tikinti işlərinin sürətləndirilməsi, həmçinin maliyyələşmə mexanizmlərinin dəqiqləşdirilməsi gündəmə gələ bilər: “Növbəti mərhələdə isə layihənin praktik icrasına keçid üçün üçtərəfli koordinasiya daha da güclənə bilər. Çünki TRİPP marşrutunun giriş və çıxış hissələri Azərbaycan ərazisindən keçdiyinə görə, Bakı layihənin texniki standartları, tranzit qaydaları və logistika zəncirinin vahid işləməsində birbaşa iştirak edəcək”.

Politoloqun sözlərinə görə, əgər danışıqlar planlaşdırıldığı kimi irəliləsə, yaxın aylarda tərəflərin konkret yol xəritəsini açıqlaması, tikinti qrafikinin elan olunması və bəzi infrastruktur layihələrinin rəsmi açılış mərasimlərinin keçirilməsi mümkündür: “Bununla belə, layihənin tam icrası regional siyasi mühitdən, Ermənistan daxilində qərarların qəbulundan və Azərbaycan-Ermənistan münasibətlərinin dinamikasından da asılı olaraq qalacaq”.

Röya İsrafilova