Böyük Britaniyada yeni baş nazirin seçilməsi prosesi başlayıb Gündəm

Böyük Britaniyada yeni baş nazirin seçilməsi prosesi başlayıb

Böyük Britaniyada Kir Starmerin istefasından sonra ölkə hökumətinə rəhbərlik edəcək hakim Leyboristlər Partiyasının yeni liderinin seçilməsi prosesinə start verilib.

Xalqcebhesi.az xəbər verir ki, mübarizədə iştirak etmək istəyən şəxslər iyulun 16-dək öz namizədliklərini irəli sürə bilərlər.

Hər bir iddiaçı Britaniya parlamentinin İcmalar Palatasındakı (aşağı palata) leyboristlər fraksiyası üzvlərinin 20%-nin — hazırki məqamda 81 parlamentarinin dəstəyini qazanmalıdır. Bundan əlavə, namizəd Leyboristlər Partiyasına bağlı olan ən azı üç təşkilat, o cümlədən minimum iki həmkarlar ittifaqı tərəfindən dəstəklənməlidir. Partiyanın lideri yalnız və yalnız parlament üzvü ola bilər.

Yarışda iştirak etmək istəyini hələlik yalnız Böyük Mançester qraflığının keçmiş meri, iyunun 18-də İcmalar Palatasına seçilən Endi Bernhem bəyan edib. İndi o, Leyboristlər Partiyasının rəhbər orqanlarına rəsmi müraciət göndərməklə öz niyyətini təsdiqləməlidir. Əgər Leyboristlər Partiyasından olan heç bir digər deputat onun nümunəsini təkrarlamazsa, Bernhem artıq iyulun 17-də leyboristlərə rəhbərlik edəcək, iyulun 20-də isə Böyük Britaniya Kralı III Çarlz ilə görüşdən sonra baş nazir olacaq.

Demək olar ki, bütün Britaniya mediası yekdilliklə belə hesab edir ki, Bernhem partiyadaxili seçkilər keçirilmədən "taclandırılacaq", çünki leyborist deputatların böyük hissəsi onu dəstəkləyir. Əgər parlamentarilərdən kimsə yenə də Bernhemə meydan oxumaq qərarına gəlsə, o zaman partiyadaxili seçkilər təşkil olunacaq: partiya və ona bağlı təşkilatların üzvləri avqustun 6-dan 27-dək keçiriləcək səsvermədə üstünlük verdikləri namizədə səs verə biləcəklər. Bu halda yekun nəticələr avqustun 29-da elan olunacaq.

Məryəm Quliyeva