“Bu dəhliz Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyır” İqtisadiyyat

“Bu dəhliz Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyır”

“İqtisadi baxımdan Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyır. Dəhlizin istifadəyə verilməsi Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq, coğrafi mövqeyimizə görə Şərq-Qərb və Orta dəhliz üzrə yükdaşımların həcmində genişlənmə logistika xidmətlərinin inkişafına və tranzit gəlirlərinin artmasına şərait yarada bilər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

A.İbrahimov qeyd edib ki, cənab nazir Ceyhun Bayramovun açıqlamasından aydın olur ki, layihə artıq müzakirə mərhələsindən çıxıb, hazırda hüquqi və texniki hazırlıq mərhələsinə daxil olub: “Əgər sənədlərin hazırlanması prosesi planlaşdırıldığı kimi yekunlaşarsa, yaxın aylarda layihənin icrası istiqamətində ilk praktiki addımları görəcəyik. Dəhlizin hüquqi idarəetmə modeli yük və sərnişin daşımalarının təşkili, gömrük və sərhəd prosedurlarıdır və yəqin ki, bundan sonra tranzit qaydaları ilə bağlı sənədləşdirmə prosedurlarının razılaşdırılması həyata keçiriləcək. Bu mərhələdə layihənin gələcək fəaliyyət mexanizminin formalaşdırılması baxımından bu məsələlər əhəmiyyətli hesab olunur. Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu hissələrinin tikintisi, yenidən qurulması, layihələndirmə işlərinin sürətləndirilməsi, maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi və podratçıların seçilməsi ilə bağlı da qərarlar ola bilər”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanın Naxçıvanla quru nəqliyyat əlaqələrinin genişləndirilməsi ölkənin bütün regionlarının inteqrasiyasını genişləndirə bilər: “Mövcud mərhələdən real gözlənti dəhlizinin hüquqi bazasının tamamlanması və maliyyələşdirmə modelinin dəqiqləşdirilməsi, həmçinin infrastruktur layihələrin icrasına başlanılmasıdır. Əgər bu mərhələlələr uğurla həyata keçirilərsə, Zəngəzur dəhlizi cənab nazirin də dediyi kimi yaxın illərdə ən mühüm nəqliyyat və logistika marşrutlarından birinə çevriləcək”.

Röya İsrafilova