MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib Cəmiyyət

MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasında "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai dinləmə keçirilib.

Çıxışlarda 2028-ci ilin sonunadək Azərbaycan dilində böyük dil modellərinin hazırlanmasının, süni intellekt sahəsində idarəetmənin təkmilləşdirilməsinin, məlumatların səmərəli idarə olunmasının və rəqəmsal transformasiyanın sürətləndirilməsinin strateji əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, bu məqsədlərə nail olmaq üçün güclü hüquqi baza, siyasi iradə və ardıcıl qanunvericilik islahatları vacib şərtlərdir.

Eyni zamanda, uşaqların rəqəmsal təhlükəsizliyinin qorunmasının dövlət, məktəb, müəllim, valideyn və rəqəmsal platformaların birgə məsuliyyəti olduğu vurğulanıb. Şagirdlərin rəqəmsal savadlılığının artırılması, şəxsi məlumatların qorunması, məlumatların doğruluğunun yoxlanılması və sosial şəbəkələrdə etik davranış vərdişlərinin formalaşdırılması əsas prioritetlərdən biri kimi göstərilib. Qeyd edilib ki, texnoloji inkişaf yalnız etik prinsiplərə əsaslandığı və insan rifahına xidmət etdiyi halda gələcək nəsillər üçün daha təhlükəsiz, innovativ və dayanıqlı rəqəmsal mühit formalaşdıracaq.

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulub, milli qanunvericilik təkmilləşdirilib və Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş hüquqi və texnoloji mexanizmlər gücləndirilir. Eyni zamanda, Rəqəmsal İnkişaf Şurasında bu istiqamətdə görüləcək tədbirlərin müzakirə olunduğu vurğulanıb.