Azərbaycanda taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb İqtisadiyyat

Azərbaycanda taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

Azərbaycanda bu günədək payızlıq taxıl sahələrinin 66,7 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahı xəbər verir ki, mövsüm ərzində 642 min 696 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 251 min 886 ton məhsul yığılıb.

Məlumata görə, hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 224 603 hektar buğda, 418 093 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 884 182 ton buğda, 1 367 704 ton arpa yığılıb. Buğda sahələrinin 49 faizində, arpa sahələrinin isə 83 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sent/ha, arpa üzrə isə 32,7 sent/ha təşkil edir.

Artıq Ucar, Naftalan və Kəlbəcərdə biçin tam yekunlaşıb, Respublikanın 17 rayonunda - Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.