TANAP-ı ARDHŞ idarə edəcək İqtisadiyyat

TANAP-ı ARDHŞ idarə edəcək

Şirkət layihədəki payını 51%-ə endirə bilər

Tərlan

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hər hansı bir gəlir üçün "TransAnadolu" təbii qaz boru kəmərindəki (TANAP) payını satmayacaq. Bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, ARDNŞ TANAP-ın pay hissələrinin satılması ilə bağlı heç bir danışıqlar aparmır: "Hazırda ARDNŞ-nin TANAP-dakı payı 58%-dir. Amma gələcəkdə imkanımız var ki, biz bu payı 51%-ə endirək. Biz öz layihədə payımızı hər hansı gəlir xatirinə satmaq niyyətində deyilik".
R.Abdullayev deyib ki, ARDNŞ-nin TANAP-dakı payı satılarsa, ancaq bu layihəyə səmərə verəcək şirkətlərə satıla bilər: "TANAP-da iştirak payı əldə etmək istəyənlər çoxdur. Amma bununla belə, hazırda TANAP-ın paylarının satılması ilə bağlı hər hansı bir danışıqlar aparılmır".
Ötən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verib. TAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəql edilməsini nəzərdə tutur. Boru kəmərinin uzunluğu təxminən 870 km-dir. Kəmər Yunanıstan, Albaniya və Adriatik dənizi keçərək İtaliyaya çıxışı təmin edəcək. TAP-ın səhmdarları BP ( 20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (16%) , "Total" (10%), "E.ON" (9%) və "Axpo" (5%) şirkətləridir.
Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. "BP-Azerbayjan" şirkətinin yaydığı məlumata görə, "Şahdəniz" layihəsi çərçivəsində dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisini nəzərdə tutur.
"Şahdəniz-2" və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 mlrd. dollar təşkil edəcək. "Şahdəniz" yatağından hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz təxminən 3500 km məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
"Şahdəniz" konsorsiumu "Mərhələ-2" layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə də iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir. "BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə "BOS Shelf LLC", "Saipem Contracting Netherlands B.V." və "Star Gulf FZCO" şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng "Mərhələ-2" layihəsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir.
750 mln. ABŞ dolları dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 200 və 12 200 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000 ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000 beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin hazırlanması daxildir.
Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək. Bu müqavilənin imzalanması "Şahdəniz" tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.