Liberal iqtisadiyyat: yeniliklər sahibkarlar üçün əlverişli mühit yaradırmı? İqtisadiyyat

Liberal iqtisadiyyat: yeniliklər sahibkarlar üçün əlverişli mühit yaradırmı?

Azərbaycanın müasir iqtisadi mənzərəsi post-pandemiya və qlobal geosiyasi dəyişikliklər fonunda yeni bir transformasiya dövrünü yaşayır. Bu mərhələdə iqtisadiyyatın dayanıqlılığını təmin etməyin və milli rifahı yüksəltməyin yeganə yolu — azad sahibkarlıq mühitinin genişləndirilməsi və iqtisadi islahatların kəsintisiz, dinamik xarakter almasıdır. İqtisadi gücün yalnız təbii resurslara deyil, həm də çevik, rəqabətədavamlı və liberal bir bazar strukturuna söykənməsi dövlətin uzunmüddətli inkişaf kursunun mərkəzində dayanır. Bu kontekstdə, dövlət tərəfindən həyata keçirilən struktur islahatları sadəcə mövcud vəziyyəti qorumağa deyil, həm də gələcəyin innovativ iqtisadiyyatını inşa etməyə hədəflənib.

Lakin iqtisadiyyatın daha da güclənməsi üçün bu islahatların ardıcıl olması, institusional şəffaflığın artırılması zərurətdir. Milli Məclisin deputatı Vüqar Bayramovun qanunvericilik bazasındakı müsbət dinamika ilə bağlı fikirləri və iqtisadçı ekspertlər tərəfindən səsləndirilən rəqabət mühitinin təkmilləşdirilməsi təklifləri bir daha təsdiq edir ki, azad sahibkarlıq iqtisadiyyatın sadəcə bir sahəsi deyil, onun əsas hərəkətverici qüvvəsidir.

Mövzuyla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşması iqtisadi siyasətin və islahatların əsas prioritet istiqamətlərindən biridir və əsas məqsəd iqtisadiyyatın liberallaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsidir:

“Xüsusilə 2023-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi bu sahədə mühüm nəticələr verdi və bu dəyişikliklər rəqabətin müdafiəsi, sahibkarlığın inkişafı, eləcə də iqtisadiyyatın liberallaşması baxımından yeni imkanlar yaratdı. Bu baxımdan ən vacib addımlardan biri Rəqabət Məcəlləsinin qəbulu oldu. Eyni zamanda dövlət satınalmaları haqqında yeni qanun, investisiyalar haqqında yeni qanunun qəbulu da iqtisadiyyatın liberallaşmasına xidmət edən hüquqi bazanın formalaşmasına imkan yaratdı. Bu qanunvericilik yenilikləri sahibkarlar üçün daha əlverişli mühit formalaşdırdı və liberal iqtisadiyyatın təşviqini gücləndirdi”.

V.Bayramov qeyd edib ki, bazarın liberallaşması və azad sahibkarlığın inkişafı uzunmüddətli prosesdir və növbəti dövrlərdə də bu istiqamətdə ardıcıl addımların atılması gözlənilir:

“Xüsusilə gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi, kiçik və orta sahibkarların bazara çıxış imkanlarının artırılması, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi əsas prioritetlər sırasındadır. Bu istiqamətlərdə daha çox islahatların həyata keçirilməsi həm iqtisadi fəallığı artıracaq, həm də dayanıqlı inkişafı gücləndirəcək.

Son illərdə azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması ilə bağlı fəaliyyət daha sistemli xarakter alıb və qarşıdakı mərhələdə də bu prosesin davam etdirilməsi vacibdir”.

İqtisadiyyatın "mühərriki"

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib ki, azad sahibkarlıq və liberal iqtisadiyyat düzgün şəraitdə ölkənin inkişafı üçün güclü mühərrik rolunu oynaya bilər:

Rəqabət mühiti istehlakçı üçün qiymətlərin aşağı düşməsinə, xidmət və məhsul keyfiyyətinin artmasına, innovasiyaların sürətlənməsinə şərait yaradır.

Özəl sahibkarlıq dövlət strukturlarına nisbətən bazarın tələblərinə daha çevik reaksiya verir və yeni iş yerlərinin əsas hissəsi məhz kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yaradılır. Bu yanaşma cəmiyyətdə iş axtarmaq deyil, iş yaratmaq düşüncəsini formalaşdırır. Liberal iqtisadiyyat avtomatik olaraq rifah yaratmır. Tənzimsiz bazar mühiti inhisarçılığı gücləndirə, sosial bərabərsizliyi artıra və təhsil, səhiyyə kimi vacib sahələrdə sosial ədaləti poza bilər. Ən uğurlu model azad sahibkarlıqla güclü dövlət tənzimlənməsi arasında balansın qurulmasıdır. Skandinaviya ölkələri, Cənubi Koreya və Sinqapur kimi nümunələr bunu açıq şəkildə göstərir. Azərbaycanda formal olaraq özəl sektor mövcud olsa da, real rəqabət mühiti tam formalaşmayıb. Bir çox sahələrdə bazarın dövlətlə yaxın əlaqəli strukturların nəzarətində olması liberal iqtisadiyyatın üstünlüklərinin tam reallaşmasına mane olur”.

O bildirib ki, həqiqi azad sahibkarlıq üçün şəffaf hüquqi mühit, bərabər giriş imkanları və müstəqil məhkəmə sistemi əsas şərtlərdir: “Bu sütunlar olmadan liberal iqtisadiyyat anlayışı yalnız ritorika olaraq qalır”.

Elektronlaşma və operativlik

İqtisadçı ekspert Günay Hüseynova diqqətə çatdırıb ki, azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı ölkənin ümumi iqtisadi sistemi və sosial rifahına müsbət təsir göstərir.

Onun sözlərinə görə, bu sahənin inkişafı yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azalması baxımından xüsusi əhəmiyyət daşıyır: “Yeni iqtisadi islahatların həyata keçirilməsi, eyni zamanda insan əməyinin bir qədər arxa plana keçərək süni zəka və texnologiyanın ön plana çıxması azad sahibkarlığın inkişafı üçün mühüm amillərdəndir. Elektronlaşma və innovativ inkişaf da bu istiqamətdə ciddi irəliləyişlər yaradıb. Əvvəlki illərdə bu sahənin inkişafına müəyyən əngəllər yaradılır, məqsədli müdaxilələr edilirdi. Hazırda da bəzi maneələr qalsa da, əvvəlki dövrlərlə müqayisədə daha ciddi şəffaflıq təmin olunub”.

Onun fikrincə, ticari tərəfdaşların sayının artması, həmin ölkələrə birbaşa uçuşların genişlənməsi və gömrük qanunvericiliyində aparılan sadələşdirmələr də sahibkarlığın inkişafına mühüm töhfə verir: “Buna baxmayaraq, iqtisadiyyatın görünməyən tərəfi hesab olunan “gizli əl”, monopoliya və azad sahibkarlığa zərbə vuran digər fəsadlar tam aradan qaldırılmayıb. Düşünürəm ki, zamanla bu problemlər də həllini tapacaq və real rəqabət mühiti daha da güclənəcək”.

Günel Elxan