16:09
770
“Aqrar sektor müstəqillik dövründə Azərbaycan iqtisadiyyatında ən geniş güzəşt və təşviq paketləri ilə əhatə olunan sahələrdən biri olub”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənovun Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib.
O qeyd edib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən subyektlərə vergi və digər fiskal ödənişlər üzrə güzəştlər tətbiq edilir: “İstehsal vasitələri və aktivlərinə subsidiyalar verilir, yanacaq xərclərinin müəyyən hissəsi kompensasiya olunur. Buna baxmayaraq, sektorun inkişaf göstəriciləri gözlənilən səviyyədə deyil. Azərbaycan iqtisadiyyatının 2000-2025-ci illər üzrə inkişaf meyillərinə nəzər saldıqda görürük ki, aqrar sektor resurs gəlirlərinin yaratdığı imkanlardan adekvat şəkildə yararlana bilməyib. Nəticədə kənd təsərrüfatının iqtisadiyyatda payı təxminən 15 faizdən 5 faiz ətrafına qədər geriləyib. Halbuki neft gəlirlərinin iqtisadiyyata yönəldilməsi xidmət, maliyyə və digər sahələrin inkişafını stimullaşdırıb”.
R.Həsənov qeyd edib ki, aqrar sahədə mövcud olan geniş dəstək mexanizmlərinə baxmayaraq, bir sıra fundamental problemlər inkişaf tempini məhdudlaşdırır: “Uzun illər ərzində vergi ödəməmək praktikasının formalaşması bu vəziyyətin adi hal kimi qəbul edilməsinə səbəb olub və investisiya yönümlü təşəbbüslərin təşviqedici təsirini zəiflədib”.
Ekspert həmçinin qeyri-formal sahibkarlıq fəaliyyətinin geniş yayılmasını əsas problemlərdən biri kimi qiymətləndirib:
“Əgər sahibkarlıq subyekti vergidən yayınırsa və ya qeyri-rəsmi fəaliyyət göstərirsə, vergi güzəştlərinin onun üçün əlavə stimul yaratmaq imkanları məhdudlaşır. Bu baxımdan aqrar sektora təqdim olunan təşviq paketləri kifayət qədər geniş olsa da, onların sektorun inkişafına təsiri gözlənilən səviyyədə deyil. Aqrar sahənin dayanıqlı inkişafı üçün yalnız güzəşt və subsidiyaların artırılması deyil, həm də struktur problemlərin aradan qaldırılması, qeyri-formal fəaliyyətin azaldılması və investisiya mühitinin təkmilləşdirilməsi vacibdir”.
Günel Elxan