20:53
371
“Süni intellekt və robotlaşdırılmış texnologiyaların iqtisadiyyata təsiri yalnız statistik göstəricilər əsasında qiymətləndirilməməlidir”.
Bunu iqtisadçı ekspert Günay Hüseynova Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, əslində görünən sadəcə statistik göstəricilərdir. Bir məhsulun istehsalı insan əməyi olmadan müəyyən həddə qədər arta bilər: “Lakin süni intellekt və robotlaşdırılmış texnologiyalar insan əməyini əvəz etdikcə bu, işsiz əhalinin sayına da təsir göstərir. Dolayısı ilə gəlirlərin artmadığı şəraitdə xərclər artır və nəticədə həmin məhsula tələbat azalır.Bəzən düşünülür ki, texnoloji avadanlıqlardan istifadə hər şeyi daha asan edir. Ancaq bunun alıcılıq qabiliyyətinə və istehlak səbətinə təsiri də nəzərə alınmalıdır. Bu baxımdan texnologiyanın yaratdığı üstünlüklərlə yanaşı, onun sosial-iqtisadi nəticələri də diqqətdən kənarda qalmamalıdır.
Bundan əlavə qeyd etmək istərdim ki, süni intellekt və robotlaşdırılmış texnologiyaların nəzarətsiz inkişafı istehsalın artmasına və məhsulların ucuzlaşmasına səbəb ola bilər. Lakin bu proses əmək bazarında yarana biləcək risklərlə paralel qiymətləndirilməlidir.
Daxili tələbə təsir məsələsinə gəldikdə isə, burada vəziyyət biznesin süni intellekti və robotlaşdırılmış texnologiyaları fəaliyyətinin konkret hansı mərhələsində tətbiq etməsindən asılı olaraq dəyişə bilər”.
Günel Elxan