Nazirlik bütün xidmətləri elektronlaşdırıb İqtisadiyyat

Nazirlik bütün xidmətləri elektronlaşdırıb

Tərlan

"Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ölkə başçısının həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir". APA-nın məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O, qeyd edib ki, görülən kompleks tədbirlər nəticəsində hazırda ÜDM-də özəl sektorun payı 80%-i ötüb, vergi daxilolmalarında 72,4%, məşğulluğun təmin edilməsində 73,9%-ə yüksəlib: "Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli fərmanı da sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələlərinin hüquqi əsaslarını özündə əks etdirəm mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və dünyanın qabaqcıl beynəlxalq təcrübələri nəzərə alınmaqla 8 istiqamət üzrə modellər təhlil edilib. Hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin "bir pəncərə" prinsipi ilə elektron qeydiyyatı, eyni zamanda tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddətin və xərclərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddətin və xərclərin azaldılması, kreditlərin verilmə prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunmasının daha da yaxşılaşdırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması və nəticədə "Müflisləşmə və iflas haqqında" Qanunun təkmilləşdirilməsi ilə biznesin bağlanması prosedurlarının və sərf olunan vaxtın azaldılması nəzərdə tutulub. Ölkədə elektron xidmətlərin tətbiqi həyatın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyətini də əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 428 növ xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır".
İqtisadiyyat və sənaye nazirliyi tərəfindən göstərilən bütün xidmətlər elektronlaşdırılıb və nazirlik tərəfindən 28 xidmət, o cümlədən 7 interaktiv və 21 informativ xidmətlər göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlər nəticəsində 20 minə yaxın icazəverici sənədin elektron qaydada verilməsi və 14 mindən artıq ödənişin elektron qaydada aparılması təmin olunub.
2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin "Elektron Hökumət" vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. "Qızıl üçbucaq" deyilən konsepsiya üzərində iş aparılır. Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması, yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, "Qızıl üçbucaq" konsepsiyası uğurla həyata keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) may ayı ərzində ən çox istifadə edilən elektron xidmətlərin siyahısını təqdim edib. RYTN-dən verilən məlumata görə, ilk beşlikdə RYTN-nin "Telefon nömrəsi üzrə axtarış" (54123), Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Sığortaolunanın onlayn uçota alınması" (12418), "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" (4390), "Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı" (3413) və "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" (2655) xidmətləri yer alır.
Sonrakı mövqelərdə DSMF-nin "Pensiyaçıya məlumatların verilməsi" (1947), "Pensiya kalkulyatoru" (1648), Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) "Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu" (1249), RYTN-in "Mobil cihazların qeydiyyatdan keçirilməsi" (977) və "Mobil cihazların "IMEI" kodunun yoxlanılması" (665) e-xidmətləri qərar tutur.
Sözügedən siyahıda Daxili İşlər Nazirliyinin (DİN) "FİN-ə görə fərdi məlumatların axtarışı" (645), RYTN-in "Vətəndaşın fərdi məlumatları barədə arayış" (621), Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" (537), DİN-in "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" (506), ƏMDK-nın "Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu" (408) xidmətlərinin adları da var.
RYTN-in "Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat" (386), "Azərsu" ASC-nin "Su borcunun internet vasitəsilə öyrənilməsi" (378), "ASAN xidmət"in "İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu" (363), RYTN-in "Yeni telefon çəkilişi" (362), ƏMDK-nın "Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi" (359) elektron xidmətləri də ən çox istifadə olunanlar sırasındadır.