“Verilən qərarlar Azərbaycan xalqının sosial rifahının yüksəlməsinə xidmət edir” İqtisadiyyat

“Verilən qərarlar Azərbaycan xalqının sosial rifahının yüksəlməsinə xidmət edir”

Musa Quliyev: “Dövlətin daxili siyasətində əhalinin sosial rifahı həmişə prioritet istiqamətlərdən birini təşkil edib”

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Xalq Cəbhəsi”nə verilən məlumata görə, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.
Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.
Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.
Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.
İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.
Qeyd edək ki, sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verib.
Xatırladaq ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Ekspertlər hesab edir ki, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.
Onu da əlavə edək ki, Sosial Tədqiqatlar Mərkəzi sözügedən mövzu ilə bağlı sorğu keçirib. Qurumun mətbuat xidmətindən “Xalq Cəbhəsi”nə verilən məlumatda bildirilir: “Əhalinin rifah halının yaxşılaşdırılması üçün hökumət tərəfindən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir. Dövlət başçısının iyunda imzaladığı sərəncamlarla sentyabrın 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırılıb. Oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulub. Eyni zamanda müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20-50 faiz civarında artımı təmin ediləcək. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir. Həmçinin hüquq-mühafizə orqanlarında da bir sıra kadr islahatları həyata keçirildi.
Sosial Tədqiqat Mərkəzinin (STM) üzərinə düşən əsas vəzifələrdən biri ölkədə aparılan iqtisadi, sosial və siyasi qərarların cəmiyyətdəki təsirlərini təhlil etməkdir. Bu səbəbdən STM islahatların cəmiyyətdə yaratdığı effektləri, islahatların insanların həyatında oynadığı rolu müşahidə etmək üçün müəyyən işlər həyata keçirir. STM hökumətin sosial-siyasi islahatlarla bağlı müxtəlif əhali qrupları arasında aparılan sorğuların nəticələrini, ekspert heyətinin rəylərini ictimaiyyətə təqdim edir. Əhalinin Prezident tərəfindən iyunda imzalanan sərəncamlar haqqında məlumatlılıq səviyyəsini öyrənmək, əsas məlumat mənbələrini müəyyən etmək, əhalinin rəy, fikir və münasibətini öyrənmək, həyata keçirilən sosial islahatlarının qiymətləndirilməsini və məmnunluq səviyyəsini müəyyən etmək, baş verən kadr islahatlarıyla bağlı insanların fikrini və gözləntilərini, Prezidentin müvafiq sərəncamları əsasında artırılan əməkhaqqı və pensiya səviyyələrinin nəticələrinə dair gözləntilərini, əhalinin dövlətə və dövlət institutlarına münasibətini, inam və etibarını öyrənmək məqsədilə STM ictimai rəy sorğusu keçirib. Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayon və kənddə aparılıb”.
Məlumatda həmçinin vurğulanır ki, sorğunun aparılmasında “üz-üzə” müsahibə üsulundan istifadə olunub: “Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Müasir sorğu proqramından istifadə edilib.
Respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib. 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1212 nəfər seçilib. Ümumilikdə götürdükdə əhali arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsuldan (t-test) istifadə edilərək müəyyən olunmuşdur ki, artımların əhatə etdiyi respondentlər bu haqda daha çox məlumatlıdır. Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması barədə qadınlarla müqayisədə kişilər daha çox məlumatlıdırlar. Belə ki, regionlarda yaşayan, yaşlı və təhsil səviyyəsi aşağı olan insanlar artımlarla bağlı məlumatları televiziyadan, Bakı-Abşeronda yaşayan, cavan və təhsil səviyyəsi yüksək olan insanlar isə artımlarla bağlı məlumatları internetdən əldə edirlər. Lakin insanların məşğuliyyəti və artımlarla əhatəliliyindən asılı olmayaraq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyunda imzaladığı sərəncamları dəstəkləyir. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (87,3%) bu sosial islahatların həyata keçirilməsini çox vacib hesab edir. Respondentlərin çoxu (62,2%) artımlar nəticəsində “özlərinin və ailələrinin maddi vəziyyətinin yaxşılaşacağ”ını gözləyir. Demək olar ki, sorğuda iştirak edən hər dörd respondentdən biri hesab edir ki, artımlar korrupsiyanın azalmasına və əhalinin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına səbəb olacaq.
STM ictimai rəy sorğusunun nəticələri ilə bağlı proqnozlarını və təkliflərini bildirib. Eyni zamanda sözügedən nəticələrin yaxın günlərdə ictimaiyyətə geniş təqdimatını həyata keçirəcəkdir. STM bundan sonra da mühüm dövləti və ictimai əhəmiyyət daşıyan məsələlər ətrafında cəmiyyətin rəyini öyrənəcək və səmərəli tədqiqatlarını davam etdirəcək”.
Millət vəkili Nəsib Məhəməliyev bildirib ki, ölkə başçısı tərəfindən artıq ikinci sosial paket qəbul olunub və sentyabrın 1-dən bunun icrasına başlanılıb: “Bu baxımdan Prezident İlham Əliyevin minimum əməkhaqqının artımı ilə bağlı Sərəncamı tam zamanında atılmış qərardır”. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda Prezident tərəfindən aparılan sosial siyasət xalqın rifah halının yaxşılaşdırılmasına və ən əsası isə imkansız ailələrin, sosial qayğıya olanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb: “Bu baxımdan hesab edirəm ki, ölkə rəhbərinin bu addımı çox düzgün və yerində verilmiş bir qərardır. Bildiyiniz kimi sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Yaxın zamanlarda Azərbaycan xalqı bunu öz şəxsi həyatında hiss edəcək. Təbii ki, bu proses dinamik prosesdir və müəyyən zaman keçəndən sonra yenə də bu kimi addımlar olacaq. Hesab edirəm ki, ümumi orta göstəricilərə baxanda və keçmiş SSRİ respublikaları ilə müqayisə etdikdə bunu ən yüksək göstəricilərdən hesab etmək olar”.
Millət vəkili Musa Quliyev isə diqqətə çatdırıb ki, verilən qərarlar Azərbaycan xalqının sosial rifahının yüksəlməsinə xidmət edir. Millət vəkili vurğulayıb ki, dövlətin daxili siyasətində əhalinin sosial rifahı həmişə prioritet istiqamətlərdən birini təşkil edib. Deputat deyib ki, dövlət başçısı 2019-cu ilin əvvəlində qeyd etmişdi ki, bu il xalqımızın həyatında sosial rifah ili olacaq: “Atılan addımlar da Prezidentin bu fikirlərini təsdiqlədi. İlin əvvəlindən ölkə başçısı əhalinin sosial müdafiəsi ilə bağlı 40-a yaxın fərman və sərəncam imzaladı. Bu sənədlərin nəticəsində 4 milyona yaxın Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşmış oldu. Pensiyalar, sosial müavinətlər artdı, büdcədən maliyyələşən bütün təşkilatlarda çalışan işçilərin əmək haqları artırıldı. Bu tədbirlərdən ən böyüyü isə minimum əmək haqqının artırılması idi. Minimum əmək haqqı bu il ərzindən 2 dəfəyə yaxın artdı. İlin əvvəlində minimum əmək haqqı 116 manat təşkil edirdisə, Prezidentin birinci sərəncamı ilə martın 1-dən 180 manata qaldırıldı. Növbəti sərəncamda isə bu məbləğ 180-dən 250 manata yüksəldi”. Millət vəkili vurğulayıb ki, minimum əmək haqqının artırılması istiqamətində Azərbaycan MDB məkanında 2-ci yerə çıxdı: “Bu bir daha onu göstərdi ki, vətəndaşlarımızın sosial rifah halı daim cənab Prezidentin diqqət və qayğısı altındadır. Dövlətimiz sosial siyasətini həmişə artan istiqamətdə aparır və daxili siyasətimizdə əhalinin sosial rifahı həmişə prioritet istiqamətlərdən birini təşkil edir. Cənab Prezident qeyd etdi ki, bundan sonra yenə də pensiya və əmək haqlarının artırılması planlaşdırlır. Eyni zamanda işçilər üçün daha münbit iş şəraitinin və yüksək əmək haqqı verən iş yerlərinin yaradılması nəzərdə tutulur. Bütövlükdə isə əhalinin sosial müdafiəsi etibarlı şəkildə təmin olunur. Proses gələcəkdə də davam edəcək. Azərbaycan yaxın illərdə dünyanın inkişaf etmiş ölkələri sırasına qatılacaq”.

Əli