Qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb İqtisadiyyat

Qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb

Bu ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb. Səkkiz ayda “Azexport.az” portalına 399 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Bu barədə sentyabrın 27-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair keçirilən mətbuat konfransda İİTKM-in departament rəhbəri Ramil Hüseyn deyib.
O bildirib ki, yanvar-avqust ayları ərzində ölkənin ixracının dəyəri 13,5 milyard dollar təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon dollar və ya 5 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon dollarlıq ixrac həyata keçirilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon dollar və ya 17 faiz artıb. Bu ilin yanvar-avqust aylarında Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz, İsveçrəyə 21 faiz, Gürcüstana 25 faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda, qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən məhsulların payı üstünlük təşkil edib.